Kredit tarixçəsini sildirmək mümkündürmü? - Bunun üçün… ARAŞDIRMA

Video

02.12.2024 10:35

İnsanlar müxtəlif səbəblərə görə kredit götürürlər. Bunlar arasında təcili ehtiyac və daşınmaz əmlak üçün nəzərdə tutulanlar üstünlük təşkil edir. Bu sistem düzgün idarə olunarsa, faydalı bir maliyyə alətinə çevrilə bilər. Lakin geri ödənişlərdə problem yaşanarsa, müxtəlif çətinliklərə yol aça bilər. 

Geri ödəmə zamanı yaranan gecikmələr vətəndaşların kredit tarixçəsinə olduğu kimi qeyd olunur. Bu isə öz növbəsində gələcəkdə daşınmaz əmlak kimi daha böyük məqsədlər üçün götürülən ipotekalar zamanı ciddi mane yaradır. Belə ki, tarixçəsi “yaşıl” qələmlə yazılanlar imtahandan rahatlıqla keçsə də, “qırmızı” ilə olanlar üçün vəziyyət heç də ürəkaçan olmur. Və yaxud da gecikməsi çox olanlara ümumiyyətlə heç bir bank kiçik məbləğ də olsa, kredit vermir. 

Bəs neqativ kredit tarixçəsini sildirmək və ya müsbətə çevirmək mümkündürmü? Bunun üçün nə etmək lazımdır? 

TodayPress-in suallarına cavab olaraq bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, neqativ kredit tarixçəsini sildirmək mümkün deyil: 

“Bütün hərəkətlər bazaya yazılır və ömürlük orada qalır. Növbəti kreditin ödənilməsi vaxtlı-vaxtında olarsa belə, əvvəlki neqativlər qalmağa davam edəcək. Buna səbəb isə potensial kreditorlara, yəni borcverənlərə sizi tanıtmaq, qiyabi də olsa, təəssürat yaratmaqdır. Onlar bilməlidir ki, həmin vətəndaşa etibar etmək olar yoxsa yox”. 

Ekspertin sözlərinə görə, neqativ kredit tarixçəsi əsasən daha yüksək məbləğ götürən zaman əngəllər törədir. O, bu vəziyyətin necə müsbətə çevriləcəyi haqqında da danışıb:

“Əgər əvvəllər kredit tarixçəniz pis olubsa, yaxşılaşdırmaq üçün ilk növbədə kiçik məbləğli kreditlərə müraciət etməlisiniz. Və ya əgər sizə yüksək gəlirli zamin duracaq şəxs varsa, o zaman da istədiyiniz məbləği götürə bilərsiniz. Məsələn zamin kimi göstərdiyiniz şəxsin maaşı 3 min manatdırsa və sizə min manatlıq kredit lazımdırsa, bu zaman bank sizə "yaşıl işıq" yandıracaq. Bu minvalla tarixçəni mənfidən tədricən müsbətə qaldırmaq mümkündür”.

Bəs vətəndaşlar kredit tarixçəsi haqqında məlumatı haradan və necə əldə bilər? 

Bunun üçün “Azərbaycan Kredit Bürosu”nun daxilində fəaliyyət göstərən “findoc.az” saytına daxil olaraq “SİMA” və ya “Asan İmza” vasitəsilə yoxlamaq mümkündür. Burada ümumi kredit tarixçəsinə nəzər yetirmək, onun kredit reytinqinin hansı səviyyədə (pis, kafi, orta, yaxşı və əla) olduğunu yoxlamaq mümkündür. “Kredit büroları haqqında” qanuna edilən yeni dəyişikliyə əsasən, artıq vətəndaşlar kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş ala biləcəklər.

Töhfə Səməd

tag: Kredit,İnsanlar, Bank, Zamin, todaypress.az