Kredit faizləri niyə artır? - Deputat AÇIQLADI
Video
04.02.2025 10:14
"Son illər kredit faizlərinin aşağı düşəcəyi gözlənsə də, əksinə artım qeydə alınır".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz "Facebook" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır.
"Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Belə artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir. Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar. O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 olduğunu açıqlayıb. 1 il sonra ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğu, faiz dərəcəsinin isə cüzi də olsa, artaraq 12.58 faizə çatdığı bəyan edilib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib".
Deputat diqqətə çatdırıb ki, ölkədə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlərin təsir göstərdiyini nəzərə almaq lazımdır. Reallıqda isə istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir.
"Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var".
O, sonda vurğulayıb ki, kredit faizlərinin yüksəlməsi əhalinin daha çox borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır.
Töhfə Səməd