Kiçik ölkələrin problemlərinə böyük dövlətlərin laqeydliyi: Bakının mövqeyi dünyaya nümunə oldu - ŞƏRH
Video
07.01.2025 12:49
“Hazırda bütün dünyada 47 kiçik ada dövləti var. Okeanlarda ekoloji vəziyyətin istənilən formada dəyişməsi bu adalar üçün ətraf-mühitin kəskin şəkildə pisləşməsi deməkdir”.
Bunu TodayPress-ə danışan politoloq Zaur İbrahimli deyib. Onun sözlərinə görə, BMT dəfələrlə kiçik ada dövlətləri adından bütün dünyaya müraciət edib, onların rifahının yaxşılaşdırılması məsələsinin qlobal gündəliyin prioritetlərinə çevirilməsinə çalışıb. Artan təbii fəlakətlər, o cümlədən ekoloji vəziyyətin pisləşməsinə bağlı mərcən riflərinin məhv olması, dəniz səviyyəsinin qaxması ada dövlətləri üçün əsl fəlakətə çevirilib. Onlar artıq ölüm-qalım məsələsilə qarşı-qarşıyadırlar:
“Ada dövlətləri üçün ən uğurlu hadisə əlbəttə Bakıda keçirilən COP29 konferansı oldu. İlk növbədə qeyd edək ki, Bakı maliyyə məqsədinə nail oldu və artıq 2035-ci ilə qədər hər il iqlim dəyişikliklərinin idarə edilməsi üçün inkişaf etmiş ölkələr tərəfindən 300 milyard dollar dəyərində maliyyə yardımı ayrılması barədə razılıq əldə olunub.
Eyni zamanda bəyan olundu ki, maliyyə məqsədinin 1,3 trilyon dollara çatdırılması ilə bağlı inkişaf etmiş ölkələr üzərlərinə öhdəlik götürüblər. Ən vacib və ada dövlətləri perspektivinə ən mühüm addım isə İtki və Zərər Fondunun (Loss and Damage Fund) tam inistutlaşması oldu. Bu fondun yaradılması prosesi COP29-da yekunlaşdı və artıq 2025-ci ildən fəaliyyətə başlayacaq. İndiyə qədər buraya 730 milyon dollar vəsait cəlb olunub”.
Analitikin sözlərinə görə, bu fondun ən böyük üstünlüyü ondan ibarətdir ki, ayrılan maliyyə qrant vəsaitləri olacaq. Onun böyük bir hissəsi məhz ada dövlətlərinə yönəldiləcək. Ada dövlətləri bəyan edirlər ki, onların illik maliyyə ehtiyacı 32 milyard dollara qədərdir. Bakı COP-unda da bununla bağlı çox fəal müzakirələr aparıldı.
“Lakin hələlik inkişaf etmiş ölkələr və yaxud da maliyyə potensialına malik ölkələr bu hədəfə çatmaq üçün kifayət qədər səy göstərmirlər. COP29-da bu günə qədər olan tədbirlərdən fərqli olaraq, kiçik ada dövlətlərinin səsi daha ucadan eşidildi. O cümlədən Azərbaycan öz imkanlarından istifadə edərək kiçik ada dövlətlərinin COP tarixində ən geniş təmsilçiliyinə nail oldu. Onlar öz problemlərini güclü şəkildə vurğuladılar və çox aydın mesajlar verdilər”.
Politoloqun qənaətincə, Azərbaycan nümunəsi digər ölkələrdə də motivasiya yaradacaq. Məsələn pandemiya dövründə rəsmi Bakı 80 ölkəyə yardım göstərmişdi. Onlar arasında 20 kiçik ada dövləti də var idi. Azərbaycan dövləti həmçinin neokolonializmə qarşı mübarizə çərçivəsində də ada dövlətlərinə dəstək verir. Onların səsinin beynəlxalq arenada daha güclü eşdilməsi üçün öz imkanları daxilində yardım edir.
“Mən hesab edirəm ki, bütün bu sadalanan məsələlər 2024-cü ildə kiçik ada dövlətləri üçün ən vacib və başlıca hadisələr oldu” deyə o, nitqini yekunlaşdırıb.
Töhfə Səməd