Kartof-soğanın qiyməti niyə əl yandırır? - Ekspert AÇIQLADI
Video
09.05.2025 09:43
“Kartof və soğan kimi məhsulların qiymətinin artımına təsir edən əsas səbəblərdən biri də ölkədə daxili bazarın tələbatını ödəyə biləcək qədər məhsulun istehsal olunmamasıdır”.
İqtisadçı Günay Hüseynova bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bu prosesin arxasında həm yerli istehsalın qeyri-kafiliyi, həm də kənd təsərrüfatında mövcud problemlər dayanır:
“Məsələn, kartof və soğan kimi məhsulları idxal edirik. Bununla yanaşı, bir neçə ay əvvəlki əlverişsiz hava şəraiti də məhsul qıtlığına səbəb olub. Nəticədə bazarda tələb təklifi üstələyib və bu da qiymətlərin artmasına gətirib çıxarıb”.
İqtisadçı bildirib ki, bu sadalananlar əsas səbəb deyil. Əsas problem kənd təsərrüfatının inkişaf səviyyəsinin aşağı olmasıdır. Belə ki, fermer və kəndlilərin sayı günü-gündən azalır. O, əlavə edib ki, əkin-biçinlə məşğul olan demək olar ki, qalmayıb. Meqapolisləşmə sürətlə gedir və nəticədə bazarda qıtlıq yaranır.
Ekspertin fikrincə, hava şəraitini əsas səbəb kimi göstərmək doğru yanaşma deyil:
“Məgər sərhədyanı ölkələrə yağış yağmır, dolu düşmür? Bəs necə olur ki, onlar həm yerli tələbatı qarşılayır, həm də ixrac edə bilirlər? Çünki orada innovativ inkişaf var, məhsulun maya dəyəri aşağıdır. Nəticədə məhsul həm ucuz başa gəlir, həm daxili bazar üçün kifayət edir, həm də ixrac olunur. Bununla yanaşı, kifayət qədər saxlanc anbarları mövcuddur”.
Ekspert qeyd edib ki, qeyri-neft sektorunun gəlirləri neft sektorunu üstələyərsə və adambaşına düşən ümumi daxili məhsul (ÜDM) yüksək olarsa, o zaman idxal daha səmərəli seçim ola bilər.
Qiymət artımının ikinci əsas səbəbi isə məhsulun keyfiyyəti ilə bağlıdır. İqtisadçının sözlərinə görə, həm vətəndaşlar, həm də sahibkarlar bilirlər ki, ən keyfiyyətli məhsul qara torpaqdan çıxır. Lakin birinci sort məhsullar əksər hallarda Rusiya və digər xarici ölkələrin bazarlarına göndərilir. Nəticədə yerli bazarda qıtlıq yaranır və vətəndaşlara əsasən üçüncü sort məhsul çatır.
Günay Hüseynova sonda bildirib ki, azad sahibkarlıq şəraitində sahibkara “məhsulu xaricə yox, ölkədə sat” demək mümkün deyil.
Lakin müəyyən sahələrdə ixracı məhdudlaşdırmaq üçün nəzarət tədbirləri görülə bilər.
Qeyd edək ki, bazarda kartof və soğanın qiymətində bir manata yaxın bahalaşma müşahidə olunur. Belə ki, kartofun qiyməti 2 manat 40 qəpiklə, 2 manat 20 qəpik arasında dəyişir. Soğanın qiyməti isə 1 manat 90 qəpiklə, 1 manat 60 qəpik arasındadır.
Türkan İsgəndərli