“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Video

03.04.2025 10:14

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   

Bu barədə TodayPress-ə Audiovizual Şuradan məlumat verilib. 

İclasda “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının martın 28-də saat 11:00-12:46 radələrində efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.   

Müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun irqi, dini, mənşə, cinsi, etnik tələblərin pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. 

Aparıcı tərəfindən səslənən fikirlərdə etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud şəkildə pozulması aşkar edilib.   

Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayandırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının aprel 4-ü saat 06.00-dan aprelin 5-i saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.   

Həmçinin, “Kanal S” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.   

"Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.   

Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. 

Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. 

Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər" deyə məlumatda vurğulanıb.   

Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

tag: Audiovizual ,Şura,Kanal S,Fəaliyyat,Dayanma,Cəza,Todaypress.az