IV Antalya Diplomatiya Forumu: Dünyaya mesajlar və perspektivlər Təhlil 16.04.2025 15:25 26

Video

19.04.2025 15:10

“Antalya Diplomatiya Forumu dünyada beynəlxalq münasibətlər sistemində yeni trendlərin adını formalaşdırır, ziddiyyətli tərəfləri bir platforma ətrafına toplayır”. 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress-ə açıqlamasında deyib. 

O bildirib ki, forumda dünyaya yeni trend və yanaşma təqdim olunub: 

“İndi dünyanın diplomatiyaya daha çox ehtiyacı var. Çünki hazırda qlobal ziddiyyətlər artır, mülki şəxslər öldürülür. Konfrontasiyalar ən yüksək səviyyəyə çatıb. Ən əsası, qlobal problemlər həm növünə, həm də formasına görə artmaqdadır. Dünya heç vaxt olmadığı qədər müharibədən əziyyət çəkir. Bu mənada bütün qarşıdurmaların alternativinin diplomatiya olması faktoru vurğulanmağa başladı. Burada Türkiyənin seçilməsi təsadüfi deyil. Dünyanın geosiyasi baxımdan ən əhəmiyyətli ölkəsi Türkiyədir. Hazırda dünyada müzakirə olunan əsas mövzu Ukrayna-Rusiya müharibəsidir. Hər iki tərəf Antalya Forumunda iştirak etdi. İkinci mərhələdə beynəlxalq münasibətlər sistemində daha çox toqquşmanın olduğu regionlardan biri Yaxın Şərqdir. Suriya məsələsi də gündəmdə idi. Hətta Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa da burada iştirak etdi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü”. 

Ekspert forumun beynəlxalq münasibətlər sistemində gələcək tendensiyaları təhlil etdiyini qeyd edib: 

“Forumda beynəlxalq münasibətlər sistemi hara gedir? Trampın ticarət müharibələrinin nəticəsi necə olacaq? Ukrayna müharibəsi bölgəyə hansı nəticələri verəcək? Yaxın Şərqi, o cümlədən Şərqi Afrika və Şərqi Avropa ölkələrini nə gözləyir? Kimi suallara cavab axtarılıb”.     

Ə.Əlibəyli Azərbaycan rəhbərliyinin də Forumda iştirakının xüsusi önəm daşıdığını vurğulayıb: 

“Belə bir yerdə Azərbaycan Respublikasının rəhbərinin iştirakı bir neçə paradiqma istiqamətində çox maraqlı idi. Əvvəlcə ona görə ki, Türkiyə-Azərbaycan birgə strateji əməkdaşlığı beynəlxalq münasibətlər sisteminə hansı formada töhfə verə bilər? Azərbaycan və Türkiyə bərabər şəkildə Qafqazda sülhü təsis edir. Azərbaycan Prezidenti İlham Əliyev burada onu da açıqladı ki, Türkiyə ilə birgə Suriyanın yenidən qurulmasında Azərbaycan da iştirak edir. Bəs bu yenidənqurma addımlarının arxasındakı təhdidlər nədir? Yaxşı bilirik ki, üçüncü tərəflər Azərbaycanla Türkiyəni İsrail məsələsində üz-üzə gətirməyə çalışırlar. Bu kontekstdə Azərbaycan və Türkiyə rəhbərliyi, o cümlədən xarici işlər nazirləri səviyyəsində Ermənistan tərəfi ilə görüşlər keçirilib. Bu proseslər bizə onu göstərir ki, biz regional oyunçu, aktor kimi bir daha öz mövqelərimizi Antalya Diplomatiya Forumunda qloballaşdırdıq və bunu ifadə etdik”.     

Politoloq həmçinin forumun Azərbaycana beynəlxalq diplomatik rol qazandırdığını bildirib: 

 “Sirr deyil ki, Ermənistanla Türkiyə arasında sərhəd xəttinin açılmasına yönəlik böyük təbliğat aparılır. Azərbaycanla Türkiyənin münasibətlərinin bu məsələyə görə pozulmasına çalışırlar. Antalya Diplomatiya Forumu həm də Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı yekun mövqeyə böyük ölçüdə cavab verdi. Türkiyə-İsrail münasibətlərində Azərbaycanın rolunu yüksək səviyyədə təsdiq etdi. İndi Bakının beynəlxalq tribuna, görüş yeri rolu oynamağa hazır olduğunu göstərdi. Cənab Prezident bu görüşə geniş proqramla qatıldı. Azərbaycan tərəfi öz mövqelərini bir daha böyük şəkildə bəyan etdi”. 

Qeyd edək ki, aprelin 11-dən 13-dək Türkiyənin Antalya şəhərində  IV Antalya Diplomatiya Forumu (ADF 2025) keçirilib. Azərbaycan tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub. Xatırladaq ki, Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir.   

 Qiymət Mahir

tag: Əziz Əlibəyli,Ekspert,Politoloq,Şərh,Todaypress.az