İşçilərlə əmək müqaviləsi niyə bağlanmır? – Əmək bazarının “TRUDOVOY” bəlası
Video
22.06.2024 15:31
Son illərdə əmək müqavilələrinin sayı artırılsa da, hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır.
Bəs vətəndaşları hansı amillər əmək müqviləsi ilə işləməkdən çəkindirir?
Millət vəkili Vüqar İsgəndərov mözu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, ölkə başçısı geniş islahat paketi elan edib və hansı sahələrdə çatışmazlıqlar mövcuddursa, o sahə üzrə xüsusi planlar tərtib olunur. Bu istiqamətdə də təqdirəlayiq işlərin görüldüyünü xatırladan Vüqar İsgəndərov əlavə edib ki, ölkəmizdə uzun illər əmək müqaviləsinin sayı ilə bağlı problemlər mövcud olub:
“Əvvəla qeyd eləmək lazımdır ki, iş yerlərində əgər işçi onunla əmək müqaviləsinin bağlanmasını tələb etmirsə, sonra bu onun özünə problemlər yaradır. Gələcəkdə işçi üçün mənfi nəticələrə gətirib çıxardır. Məsələn, ona əmək kitabçası açılmır, iş stajı hesablanmır və bu gələcəkdə pensiya təminatına da çox mənfi təsir edə bilir. Hazırda İqtisadiyyat Nazirliyi, Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu istiqamətdə gərgin işləyirlər ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi imzalansın”.
Millət vəkilinin sözlərinə görə, bu sahədə bəzi problemlər var ki, hələ də öz həllini gözləyir.
“Burada bir neçə məsələ qeyd olunmalıdır. Əvvəla böyük bir insan qrupu var ki, özləri sərbəst işləyirlər. Onlarla əmək müqaviləsi bağlanmır. Qeyri-formal təşkilatlar var ki, onlar da işçilərlə əmək müqaviləsi bağlamağa maraq göstərmirlər. Bu da sonradan problem yaradır.
Digər səbəblər kənd təsərrüfatında təyinatlı torpaqlarla bağlıdır. Məsələn, pay torpağı deyilən bir məsələ var. Ailədə əmək qabiliyyəti yaşında olan insan varsa və ya onun pay torpağı varsa, o avtomatik məşğul sayılır. Amma məşğul sayılsa da, qeydə alınmır, adına əmək kitabçası açılmır. Eynilə aqrar sektor sahəsində də əmək müqaviləsi ilə bağlı işlərin sürətlənməsinə ehtiyacımız var”.
Məsələnin hüquqi tərəflərindən TodayPress-ə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşları əmək müqaviləsi olmadan işlətmək təşəbbüsü əksər halllarda işəgötürən tərəfindən irəli sürülür:
“İşəgötürən işçiyə görə Dövlət Sosial Müdafiə fonduna ödəniş edir. Adətən belə anlarda işəgötürən rəsmi qaydada işləmək istəyən işçiyə az maaş verəcəyini söyləyir. Məsələn, deyir mən sənə 800 manat maaş verəcəkdim amma əgər rəsmi işləmək istəyirsənsə, bu məbləğ 600 manat olacaq. Çünki mənim xərcim çox çıxıb. Əlbəttə, işçi istəyər ki, 800 alsın, rəsmi qaydada işləsin, pensiyası hesablansın və s. Sadəcə qarşılaşdığı mənzərə onu bu addımı atmağa vadar edir. Ona görə də, əmək müqaviləsi olmadan işləyən heç bir işçini qınamaq olmaz. Burada günah birmənalı olaraq işəgötürənlərdədir”.
Yerigəlmişkən ölkəmizdə əmək müqaviləsi ilə işləyən şəxslərin sayını öyrənmək üçün Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq. Qurumdan hazırda onlarda belə bir statistikanın olmadığı bildirildi.
Günəş Mərd
tag: İşçilər, Əmək Müqaviləsi, Vüqar İsgəndərov,Əkrəm Həsənov, todaypress.az