İrəvandan sülh açıqlaması: “Paşinyanın ipinin üstünə odun yığmaq olmaz” - ŞƏRH
Video
21.12.2024 10:46
“Paşinyan dərk etməyə başlayıb ki, artıq sülh müqaviləsini imzalamağın vaxtı çatıb və Azərbaycanın irəli sürdüyü yanaşmalar qəbul edilməlidir. Lakin o, bu həqiqəti dərk etsə belə, müstəqil hökumətin rəhbəri olmadığına görə ona Qərbdən diktə edirlər”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, ölkə başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsindən xatırlatma edib.
“Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olan amillərə diqqəti cəlb edib. Qeyd edib ki, həllini tapmayan iki məsələ var ki, bunlar Azərbaycan tərəfindən keçilməyən əsas şərtlərdir. Burada xüsusi diqqət yerilməli məqam isə Ermənistan Baş naziri Nikol Paşinyanın bu məsələlərə necə reaksiya verməsidir”.
Parlamentarinin sözlərinə görə, formal baxımdan N.Paşinyanın reaksiyası məqbul sayıla bilər. Çünki o da Azərbaycan Prezidenti kimi hesab edir ki, sərhəddə üçüncü dövlətin mövcudluğuna ehtiyac yoxdur. Bununla bağlı, dövlət başçısı Avropa İttifaqının (Aİ) müşahidə misiyasının adını çəkmişdi. Belə ki, onlar 2 ay müddətinə 40 nəfərlik heyyətlə gəlməli idi. Lakin bu günə qədər hələ də mövcudluqlarını davam etdirən "sülhməramlılar" 2025-ci ildə də Cənubi Qafqazın suyundan, çörəyindən faydalanmaq istəyirlər. Məhz Nikol Paşinyan Aİ missiyasının getməsi ilə bağlı məsələyə öz müsbət reaksiyasını verib. Eyni zamanda Ermənistan Baş naziri iki ölkənin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan geri çəkilməsi məsələsindən, kommunikasiyanın bərpası, logistika imkanlarının işə salınması ilə bağlı reaksiyası Azərbaycan Prezidentinin mövqeyi ilə üst-üstə düşür.
Siyasətçi qeyd edib ki, bütün bunlara baxmayaraq rəsmi İrəvana etibar etmək olmaz:
“Ölkə başçısı müsahibəsində qeyd edib ki, Paşinyan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) de-fakto çıxıb, onun de-yure reallaşması, yəni hüquqi baxımdan da çıxması üçün o, Qərbdən tapşırıq, direktiv gözləyir. Çünki o, supergüclərdən asılı olan hökumət başçısıdır. Ona görə də, Paşinyanın belə pozitiv mövqeyi hələ o anlama gəlmir ki, doğrudan da o, dediklərini edəcək. Çünki biz dəfələrlə görmüşük ki, Baş nazir ölkəsində başqa, Vaşinqtonda, Moskvada tamamilə başqa bir şey söyləyir. Buna görə də atalar demiş, onun ipinin üstünə odun yığmaq olmaz”.
Elman Nəsirovun qənaətincə, hər şey sözdə deyil, əməli addımlarda təsdiqini tapmalıdır. Gözləyək görək ki, hələ Paşinyan dediklərini həqiqətən rellaşdırcaqmı? Belə olduğu təqdirdə doğrudan da regionda uzunmüddətli və dayanıqlı sülh əldə edilə bilər.
Töhfə Səməd
tag: İrəvan, Ermənistan, Paşinyan, Sülh ,Elman Nəsirov ,todaypress.az