İrəvanda mitinqlər səngimir: “Paşinyana ardıcıl zərbələr endiriləcək...” – TƏHLİL
Video
01.04.2025 14:33
“İrəvanda keçirilən mitinqləri Ermənistanda yeni siyasi mövsümün ilk böyük kütləvi aksiyası kimi qiymətləndirmək olar”.
Politoloq Zaur İbrahimli bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, yenidən alovlanan aksiyalar Ermənistanın daxili siyasi problemləri ilə əlaqədardır.
“Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni ideologiyasını təşkil edən 14 maddəlik proqramla çıxış edib. Həmin ideoloji konsepsiyanın əsasını "real Ermənistan" tutur. Paşinyan bəyan edib ki, o, mifik "dənizdən-dənizə Böyük Ermənistan" xəyalından əl çəkir və əsas diqqəti məhz hazırda 29.7 min kvadrat kilometr təşkil edən "real Ermənistan"a yönəldir. Çünki Baş nazir başa düşür ki, indiki mərhələdə bu cür mifik xəyalları canlandırmaq ermənilər üçün neqativ nəticələr verəcək. Lakin Paşinyanın tamamilə bu xülyadan oyandığını düşünmək sadəlövhlük olar. Buna görə də onun komandası indiki mərhələdə bu cür iddiaları müvəqqəti kənara qoyub”.
Analitikin fikrincə, Ermənistan rəhbəliyi artıq anlayır ki, Qərbə yaxınlaşıb Rusiyadan asılılığını azaltmaq kursu üçün Ermənistan və Azərbaycan arasında dinc birgə yaşayış formulu tapılmalıdır. Buna görə də rəsmi İrəvan gec-tez Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişməlidir. Bütün bunların fonunda isə Qarabağ ermənilərinin geri qayıtması problemi ən arxa sıralara düşür.
“Ümumiyyətlə, Paşinyan indiki mərhələdə bu məsələnin qaldırılmasının əleyhinə çıxış edir. Baş nazirin rəqibləri isə bunu ən həssas məsələ kimi daim qaldırmaqda davam edirlər. Güman etmək olar ki, məhz bu istiqamətdə Paşinyana ardıcıl zərbələr endirməyə çalışacaqlar. Onlar başa düşür ki, qayıdış Ermənistan cəmiyyəti üçün ən həssas və keçilməz məsələdir. Buna görə də bu məsələni gündəmə gətirib, Nikol Paşinyanın hakimiyyətini sual altına almaq istəyirlər”.
Politoloq mitinqlərin keçirilməsinə növbəti səbəb kimi Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərə maddi kompensasiyanın ödənilməməsini göstərib:
“Ermənistan höküməti müvafiq yardımların miqyasını azaltmağa çalışır. Görünən odur ki, zamanla bu istiqamətdə ciddi ixtisarlar həyata keçiriləcək. Bu isə keçmiş prezidentlərin əsas elektoral bazasıdır. Onlar öz elektoral dayaqlarının zəiflənməsinə göz yuma bilmirlər. Başa düşürlər ki, Paşinyan bu siyasətdə uğur qazansa və onlar Qarabağdan köçən erməniləri səfərbər edə bilməsələr, sosial dayaqları daha da zəifləycək. Buna görə də indiki halda elektoral bazanı konsolidasiya etməyə çalışırlar. Bunun üçün də güclü maliyyə və informasiya dəstəyi verərək həm özlərinin müəyyən gücə malik olduğunu göstərir, həm də Paşinyan üzərində təzyiqi saxlayırlar”.
Z.İbrahimlinin qənaətincə, Ermənistan cəmiyyəti bu aksiyalarla beynəlxalq diqqəti öz üzərinə çəkməyə çalışır. Çünki aparcı ölkələr, o cümlədən beynəlxalq təşkilatlar rəsmi Bakıya qarşı hər nə qədər qərəzli mövqe tutsalar da, etiraf etməyə məcburdurlar ki, ermənilər Qarabağı könüllü tərk ediblər. Eyni zamanda ermənlərin qayıtması problemini müzakirə edərkən, Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına geri dönməsi məsələsi ortaya çıxır. Bunlar bir-biri ilə sıx əlaqəli məsələlərdir. Məhz ona görə rəsmi İrəvan bu istiqamətdə müzakirələrdən kənarda qalmağa çalışır.
“Vurğulamaq lazımdır ki, hələlik Ermənistan cəmiyyətinin geniş təbəqəsi bu aksiyalara elə də dəstək vermir. Aksiyalar yalnız keçmiş prezidentlərin tərəfdarları, həmçinin əvvəllər qondorma rejimdə rəhbər vəzifəsində çalışmış şəxslərin ətrafını özündə cəm edir. Biz burada erməni cəmiyyətinin geniş təmsilçiliyini görmürük”. Qeyd edək ki, martın 29-dan etibarən İrəvanda İrəvanda Qarabağı könüllü şəkildə tərk etmiş ermənilər sosial ödənişlərin azaldılmaması tələbi ilə mitinq keçiriblər. Etirazçılar 2023-cü ilin sonundan etibarən aldıqları müavinətlərin azaldılması ehtimalına qarşı çıxaraq, hökumətdən sosial dəstəyin davam etdirilməsini tələb ediblər.
Özünü “ombudsman” adlandıran separatçı Geqam Stepanyan, əgər ödənişlər dayandırılarsa, Qarabağdan gələn ermənilərin mənzil kirayəsini ödəyə bilməyəcəklərini və Ermənistanı tərk etmək məcburiyyətində qalacaqlarını iddia edib.
Töhfə Səməd
tag: Zaur İbrahimli,Politoloq,Ermənistan,İrəvan,Todaypress.az