“İraqla Suriya arasında logistik əlaqə kəsiləcək” - Növbəti hədəf Bağdaddır? - ŞƏRH

Video

17.12.2024 12:23

“İraqda Kürd muxtariyyəti olsa da, ölkə əvvəlki kimi parçalanmış vəziyyətdə deyil”.

Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən bildirib.     

O, qeyd edib ki, ABŞ ordusunun İraqdan çıxarılması ilə bağlı müəyyən razılaşmalar var. Bu baxımdan yenidən imperiya qüvvələrinin və onlara xidmət edən regional güclərin İraqı parçalamaq üçün hərbi əməliyyat keçirəcəyi ağlabatan deyil: 

“Çünki Suriya “bütövləşmə” yolunda hərəkətə keçib. Bu istiqamətdə qardaş Türkiyə müəyyən mənada təhlükəsizlik zəmanəti kimi çıxış edir. Ancaq İraqda da terrora son qoyulması istəyi var ki, burada da öndər ölkə qardaş Türkiyədir.  Bilirsiniz ki, Ankara və Bağdad arasında yeni ticarət dəhlizlərinin yaradılması ilə bağlı konkret Türkiyə-İraq İnkişaf Yolu Layihəsi var. Bu konteksdə hər iki ölkə PKK-ya qarşı mübarizədə razılığa gəliblər”.  

Analitikin sözlərinə görə, təşkilatın İraqda çox ciddi qüvvələri var. Bu baxımdan İraqda qısamüddətli də olsa, anti-terror əməliyyatlarının həyata keçirilməsini gözləmək olar: 

“Suriyanın şimalında anti-terror əməliyyatı bitməyib. Əvvəla Suriyanın bütünləşməsi üçün PKK/YPG terrorçularının məskulaşdığı ərazilər yaraqlılardan təmizlənməlidir. 

Məhz bununla bağlı ABŞ-nin dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib. Orada əsas danışıqlar predimeti PKK/YPG olacaq.  Türkiyə ABŞ-nin dövlət katibininin diqqətinə çatdıracaq ki, ya qısa müddətdə siz bu terrorçu ünsürləri tamamilə təmizləyib ərazidən çıxarırsınız, ya da bunu Türkiyə dövlətinin ordusu edəcək.

Suriyanın şimalında vəziyyət nəzarətə götürüldükdən sonra terrorçuların İraqdakı yuvalarının məhv edilməsinə başlanacaq. Silahlıların qaça bilməməsi üçün İraqla Suriya arasında logistik əlaqə kəsiləcək”.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra növbəti hədəfin İraq olacağı barədə fikirlər səsləndirilir. Son olaraq İranın keçmiş vitse-prezidenti Möhsün Rezai gələcək aylarda İraqa hücum olunacağını proqnozlaşdırıb. 

Günəş Mərd

tag: İraq ,Rusiya,pilotoloq ,İstiqamət ,todaypress.az