İranın dostu düşməni ilə doğmalaşdı: Rəsmi Tehran sükutu pozacaq?
Video
19.01.2025 18:05
“ABŞ prezidenti Cozef Baydenin administrasiyası gedərayaq Ermənistanı ABŞ-ni himayəsi altına yerləşdirdi”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası da öz hakimiyyəti dönəmində ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişini nəzərə almalı olacaq:
“Düzdür, belə saziş vaxtı ilə ABŞ və Gürcüstan arasında da olmuşdu və indi ABŞ-Gürcüstan münasibətlərinin necə olduğu hər kəsə bəllidir. Amma bununla belə, istənilən halda ABŞ gələcəkdə bu strateji tərəfdaşlıq sazişindan öz geopolitik maraqları çərçivəsində istifadə edəcək.
İlk növbədə Ermənistan bundan Rusiyaya qarşı istifadə edəcək. Böyük ehtimalla Ermənistandan tələb olunacaq ki, Rusiya ilə hərbi müttəfiqliyi pozsun.
Eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını da tələb edə bilərlər. Bilirik ki, Ermənistan artıq bu qurumda öz fəaliyyətini tamamilə de-fakto dayandırıb. Sadəcə bu qurumdan çıxmasını de-yure elan edə bilər. Yəni, həmin strateji tərəfdaşlıq sazişi Ermənistan üçün ciddi problemlər yada bilər və Rusiya buna öz əlindəki təzyiq mexanizmləri ilə reaksiya verə bilər”.
Analitik hesab edir ki, bu təzyiq mexanizmlərinə ilk növbədə iqtisadi-ticari faktorlar daxildir:
“Ermənistan iqtisadiyyatı Rusiya ilə iqtisadi-ticari münasibətlər sayəsində ayaqda dura bilir. Eyni zamanda, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) fəaliyyət sayəsində geniş miqyaslı iqtisadi-ticari güzəçtlərdən faydalanır.
Əgər Aİİ-dən çıxsa və Rusiya ilə iqtisadi-ticari münasibətləri pozsa, bu, Ermənistanın sosial-iqtisadi cəhətdən tamamilə çökməsi ilə nəticələnə bilər. Digər tərəfdən, əgər ABŞ-nın İranla bağlı hansısa uzaq gedən planları mövcuddursa, deməli, artıq yaxın gələcəkdə Ermənistan və onun ərazisindən İrana qarşı istifadə edəcək. Və bu da Ermənistanın İranla münasibətlərinin korlənmasınə səbəb ola biləcək bir situasiya yaradacaq”.
E.Xalidbəyli İranın ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə reaksiyasına diqqət çəkib:
“Nə qədər qəribə olsa da, ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinə Rusiyadan sərt reaksiya gəlsə də, rəsmi Tehran hələ də bu məsələyə sükutla reaksiya verir. Halbuki, son vaxtlara qədər İran Ermənistanı özünün qırmızı cizgiləri sırasına daxil etmişdi. Amma indi İranın qırmızı cizgiləri birbaşa İranın beynəlxalq düşməni hesab olunan ABŞ ilə strateji müttəfiqdir. İndi buna cavabı necə olacaq? Bu, yaxın gələcəkdə daha qabarıq şəkildə ortaya çıxmağa başlayacaq. Əgər ABŞ Ermənistandan İrana qarşı istifadə etmək niyyətinə düşərsə və elə planlar qurarsa, o zaman təbii ki, İran-Ermənistan münasibətlərinin gərginləşməsi baş verəcək. Bu gərginləşmənin nəticəsində də rəsmi İrəvan üçün olduqca qəliz situasiyanın yaranması qaçılmaz olacaq. Onu da nəzər almaq lazımdır ki, Ermənistanın iqtisadi-ticari münasibətlərində İran xüsusi rol oynayır. Bu da Ermənistan üçün gələcəkdə müəyyən problemlər yarada bilər”.
Analitik sonda diqqətə çatdırıb ki, hansı tərəfdən baxılsa, ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığı əslində Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Gələcəkdə ona olduqca ciddi problemlər yarada bilər. Bu strateji tərəfdaşlıq sazişi yalnız Ermənistanda hökümranlıq edən Paşinyan hakimiyyətinin siyasi maraqlarına xidmət edir.
Qeyd edək ki, ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişini yanvarın 14-də imzalayıb.