İran və İsrail lideri Bakiya gəlir: Tərəflər danışıq masasına əyləşəcəklər?
Video
11.11.2024 09:45
“Azərbaycanın müxtəlif münaqişə tərəflərinə vasitəçilik etmək imkanları olsa da, İranla İsrail arasında münasibətlər hazırda olduqca gərgindir və tərəflər hələlik dialoqdan uzaqdırlar”.
Politoloq Elşad Mirbəşiroğlu bunu, TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, münaqişə tərəfləri arasında vasitəçi olmaq üçün Azərbaycanın pozitiv beynəlxalq imici var. Ölkəmizə bu baxımdan yüksək etimad göstərilir:
“Azərbaycanın həm İran, həm İsrail ilə kifayət qədər normal münasibətləri var. İranla aramızda yaxşı inkişaf etmiş əməkdaşlıq sistemi mövcuddur. Amma məsələnin başqa tərəfləri də var. Bugünkü reallıqlar İranla İsrail arasında dialoqun mümkün olmadığını göstərir. Bu baxımdan da COP29 zamanı da iki ölkə liderinin görüşünün baş tutma ehtimalı olduqca azdır. Amma tədbir çərçivəsində hansısa təmaslar üçün təşəbbüslər irəli sürülə bilər. Çünki iqlim dəyişmələri ilə mübarizədə ölkələrin səylərinin birləşdirilməsi mexanizmləri ətrafında da müzakirələr aparılacaq. Eyni zamanda COP29 bütövlükdə dünyanın gələcək rifahı, təhlükəsizliyi baxımdan olduqca mühüm platformadır”.
Analitik vurğulayıb ki, yaxın zamanda İsrailin İrana cavab zərbəsi endirəcəyi gözlənilir. Bu cür gərginləşən münasibətlər fonunda ölkə liderlərinin görüşməsi qəliz görünür. Amma zamanla münaqişə tərəfləri danışıqlar masasına əyləşə bilərlər. Rəsmi Bakı o zaman vasitəçiliyini irəli sürə bilər.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian və İrailin dövlət başçısı İsaak Herzoqun Bakıda keçiriləcək COP29 sammitində eyni vaxtda iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-22 tarixlərində Azərbaycanda keçiriləcək.
Günəş Mərd