İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR: Rəsmi iş yeri olmayanlara…
Video
03.04.2025 15:33
"İpoteka kreditləri sayəsində minlərlə insan ev sahibi olub və indiyə qədər ümumilikdə 5 milyard manata yaxın ipoteka krediti verilib. Bu vəsaitin təxminən 70 faizi dövlət ipotekalarının payına düşür".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, dövlət ipotekasının əsas üstünlüyü illik faiz dərəcəsinin aşağı olması və imtiyazlı kateqoriyalara - uzun illər elm sahəsində çalışan şəxslərə, gənc ailələrə, hərbçilərə, şəhid ailələrinə şamil edilməsidir.
Bununla yanaşı, ipoteka kreditlərindən yararlanmaq istəyən şəxslər üçün əsas çətinlik həmin imtiyazlı kateqoriyalara daxil olub-olmamaq məsələsidir. “İstər dövlət, istərsə də özəl ipoteka kreditlərindən istifadə vətəndaşlar üçün sərfəlidir. Maliyyə savadlılığı olan şəxslər anlayırlar ki, hər il ödənilən məbləğin növbəti il dəyəri aşağı düşür. Bu isə uzunmüddətli ipoteka ödənişlərinin vətəndaşlar üçün əlavə yük yaratmadığını göstərir. Əgər ildə 3-5 faiz inflyasiya olarsa, 20-25 illik kredit müddətində son illərdə ödənilən məbləğin dəyəri əvvəlki illərlə müqayisədə daha aşağı olur” ekspert bildirib. İqtisadçı əlavə edib ki, hazırda ipoteka kreditləri üçün müraciət edən vətəndaşlara əsas maneə rəsmi iş yerləri və yüksək əmək haqqı tələbləridir.
Bu da daşınmaz əmlakın qiymətinin yüksək olması ilə bağlıdır. Onun sözlərinə görə, kredit məbləği aylara bölündükdə, aylıq ödənişlərin yüksək olması tələb olunan əmək haqqının da yüksək olmasına səbəb olur. Vüqar Oruc hesab edir ki, gələcəkdə bankların maliyyə dayanıqlığı artarsa, rəsmi iş yeri olmayan vətəndaşlara da ipoteka kreditlərinin verilməsi mümkün ola bilər.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, indiyədək ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 mənzil satılıb. Belə ki, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.
Türkan İsgəndərli