İngilisləri çempionluqdan ayıran İSPAN SƏDDİ

Video

12.07.2024 12:21

İngiltərə Avropa çempionatının yarımfinalında Niderlanda qarşı matçın favoriti olduğunu baxımlı oyunu ilə sübut etdi. Hələ matç öncəsi böyük britaniyalıların azcada olsa, finala çıxmaq şansları var idi. Onların gözəgəlimli olmasa da, müdafiəyəmeyilli oynamaları, arxada daha böyük qüvvə saxlayıb şanslarından istifadə etmələri belə düşünməyə əsas verirdi. Dumanlı Albion təmsilçisi çempionat ərzində bu üslubdan istifadə edərək bura qədər gəlib çıxıb. 

TodayPress xəbər verir ki, futbolun yaradıcıları bu üslubla finalda İspaniya millisinə də güc gələ bilərlər. 

Həlledici oyunun qarşılıqlı hücumlarla keçəcəyi dəqiqdir. Açıq futbol olmayacaq. İspaniya bunu istəsə də, İngiltərə imkan verməyəcək. Çempionluğa gəlincə, ispanlar bu məsələdə daha öndədirlər. “Qırmızı furiya” göstərdiyi oyuna görə Avropa çempionu olmağa çox yaxındır.

Artıq ispanlar erkən final adlandıra biləcəyimiz 2 görüş keçiriblər. Biri Almaniya, digəri Fransaya qarşı. Mütəxəssislər fransızları favorit kimi görsələr də, pireneylilərin gücü öz sözünü dedi. Bu gün İspaniyanın topla oyun silahının qarşısında heç kim dayana bilmir. 

İspaniya və İngiltərə millilərinin yolları sonuncu dəfə 6 il əvvəl UEFA Millətlər Liqasında kəsişib. İspaniya millisi sentyabrın 8-də Londonda İngiltərə komandasına 2:1 hesabı ilə qalib gəlib. Oktyabrın 15-də Sevilyada baş tutan cavab oyununda isə böyük britaniyalı futbolçular 3:2 hesablı qələbə qazanıblar. 

2011-2016-cı illər aralığında baş tutan 3 beynəlxalq yoldaşlıq görüşündə isə komandalar hərəyə bir qələbə qazanıblar. Bir oyunda isə heç-heçə qeydə alınıb.  

İngiltərə Avropa Çempionatını qazanan 11-ci komanda ola bilər. “Şirlər”in Avropa çempionatındakı ən yaxşı nəticəsi 2021-ci ildə turnirin finalına yüksəlməsidir. İngilislər həmin il İtaliyaya 1:1 (2:3 penaltilər) hesabı ilə uduzublar.

Qeyd edək ki, Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçiriləcək final matçı iyulun 14-də baş tutacaq. Berlindəki 71 min tamaşaçı tutumuna malik “Olimpiaştadion” qarşılaşması saat 23:00-da start götürəcək. 

Namiq HUN

tag: İngiltərə, Niderland, Avropa, İspaniya, Berlin, todaypress.az