İldırım təhlükəsindən necə qorunaq? - Əhaliyə müraciət
Video
01.06.2024 13:31
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və
bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o
cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd
edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
Bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan
ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini
yaradır.
TodayPress xəbər verir ki, qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri
üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha
əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət
etməyə çağırır.
Belə ki, ildırım zamanı:
- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir.
Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr
aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda
çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat,
sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri
qaldırıb ildırımın bitməyini gözləyin;
- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd
təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30
metr aralanın;
- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı
112-yə zəng edin!
tag: Fövqəladə, İldırım, Təhlükə, Qaydalar, Təhlükəsizlik, Todaypress.az