“İkinci əl” geyimlər alanlara XƏBƏRDARLIQ

Video

04.11.2024 15:02

Ekoloji problemlər və ətraf mühitin qorunması məsələsi öz daxilində bir sıra qollara bölünür. İnsanların üzərinə düşən öhdəliklər isə müxtəlifdir. Hazırda bir çox ölkələrdə ekoaktivistlər insanların mariflənməsi və ətraf mühitin təmiz qalması üçün şüarlar səsləndirir, aksiyalar keçirirlər. Onların ən böyük məqsədi davamlı dünya irsi yaratmaq və inkişafa nail olmaqdır. Buna əsasən, ekoaktivistlər təklif edir ki, insanlar israf etməsin, ikinci əl geyimlərə üstünlük versinlər. 

TodayPress xəbər verir ki, Azərbaycanda da bu məqsədə qulluq edən mağazaların, bizneslərin sayı heç də az deyil. Bakının Sabunçu qəsəbəsində yerləşən “Bit” və ya “Rus bazarı” da elə həmin məkanlardandır. Burada axtardığınız hər bir şeyi rahatlıqla əldə edə bilərsiniz. 

Lakin maraqlıdır ikinci əl geyimlər nə dərəcədə təhlükəsizdir? Onlar dəridə xəstəliklərə səbəb ola bilərmi? Yoxsa davamlı gələcək üçün çalışarkən öz həyatımızı təhlükə altına atırıq?

Suallarımızı dermatoveneroloq Tünzalə Feyziyevaya ünvanladıq. Cavab isə belə oldu: 

“İkinci əl paltarları geyinmək gigiyenik deyil və dəridə səpkilərin yaranmasına, dermatit, qaşınma və göbələk kimi müxtəlif xəstəliklərə səbəb olur. Bununla yanaşı, bəzi hallarda ikinci əl geyimlərə xüsusi qoruyucu maddələr vurulur ki, paltarları yeyə biləcək bitlər, göbələk və digər bakteriyaların inkişafına mane olsun. Bu qoruyucu madddələr həm də geyimlərə xüsusi qoxu verir. Bu cür paltarları yumadan birbaşa geyinmək dəridəki səpkilərin yaranmasını, habelə atopic dermatit adlanan allergiyanı provakasiya edir”. 

Həkim diqqətə çatdırıb ki, bu cür paltarlar mikrobial və göbələk, həmçinin virus infeksiyaları kimi müxtəlif növ dəri xəstəliyi ötürə bilər. Paltarda qalan mikroblar və göbələklər təmas yolu ilə dəri xəstəliklərinə səbəb ola bilər ki, bu fəsadların bəziləri təhlükəli, hətta sağalmazdır. Bu cür paltarların istifadəsi həmçinin ziyil, herpes simplex və kontagioz molyusk daxil olmaqla virus xəstəliklərini də özü ilə gətirir:

“İkinci əl paltarlarda qalan mikrob və bakterial faktorlar çox davamlıdır və adi yuma ilə məhv edilə bilməz və dəqiq antiseptik üsulla dezinfeksiya edilməlidir. Dəri ilə birbaşa təmasda olan paltarlarda, o cümlədən alt paltarlarında xəstəliyin ötürülməsi riski daha yüksəkdir. Bundan əlavə, ikinci əl geyimlər müxtəlif sayda dəri ilə təmas etdiyinə görə bədən biti, Hepatit B, Candida göbələk infeksiyaları, Trixomonad kimi infeksiyaları da ötürə bilər”.

Dermatoloq Vaqif Abdullayev isə bildirib ki, geyimlər gigiyenik qaydalara riayət edərək düzgün sterilizasiya edilirsə, bu zaman onların istifadəsi üçün heç bir məhdudiyyət yoxdur. Ekoaktivistlərin isə əsas nəzər yetirmək istədikləri məqam təkrar emaldır:

“Sintetik geyimlər, vasitələr təkrar emala göndərilir. Onlar əridilərək yenidən paltar halına gətirilir və ya  başqa məqsədlər üçün istifadə olunur. Bir çox markalar var ki, hazırda bu sistemdən istifadə edirlər. Məsələn: üst geyimi alan zaman onun etiketində qeyd olunur ki, həmin gödəkçənin hazırlanmasında plastik vasitə istifadə olunub. Məhz bununla dayanıqlı və davamlı gələcəyə nail olmaq mümkündür”. 

Həmsöhbətlərimiz tövsiyə ediblər ki, insanlar ikinci əl geyim alarkən diqqətli olsunlar. Adı çəkilən xəstəliklərdən hər hansısa birinə yoluxan şəxslərin həkim məsləhəti olmadan müalicə qəbul etməsi isə yolverilməzdir. 

Töhfə Səməd


tag: İkinci Əl Geyimlər, İnsanlar, Təhlükəszilik, Risk, Xəstəlik, todaypress.az