Hövsan sakinlərinə ŞAD XƏBƏR: Avtobus problemi həll olunur – AÇIQLAMA
Video
08.06.2024 10:42
Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd olunub ki, ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulub:
"Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metrostansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metrostansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – "Əhmədli" metrostansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib".
“Bəs adı çəkilən ərzilərdən ekspres avtobus marşrutları hansı tarixdən fəaliyyətə başlayacaq və gediş haqqı nə qədər olacaq? sualına isə AYNA-nın cavabı bu cür oldu:
“Sözügedən avtobus marşrutlarının fəaliyyətə başlayacağı tarix tender yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq. Eyni zamanda bu avtobus marşrutlarının gediş haqqı müsabiqə nəticələrinə uyğun olaraq təyin olunacaq”.
Yeni ekspres avtobus marşrutlarının açılması təşəbbüsünü məqsədəuyğun hesab edən nəqliyyat üzrə ekspert Yasin Mustafayev gələcəkdə onların sayının artırılmasını təklif etdi:
"Bilirik ki, səhər saatlarında, hərəkətin pik vaxtlarında avtobuslar dolu olur. Növbəti dayanacaqlarda sərnişinlər dolu avtobuslara minə bilmədikləri üçün bir neçə avtobus ötürməli olurlar. Yeni istifadəyə veriləcək ekspres marşrutlarsa yolun əvvəlindən sonuna qədər digər dayanacaqlarda dayanmadan gedəcəklər. Bu da təbii ki, müsbət haldır. İnsanlar vaxt itirməyəcək, getdikləri ünvana daha rahat şəkildə və vaxt itirmədən çata biləcəklər”.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov isə mövzunu TodayPress-ə belə şərh etdi:
"Yeni marşrut xətlərinin açılması vətəndaşlarımız üçün müsbət hadisədir. Gələcəkdə bu cür ekspres avtobusların Pirallahı, Bilgəh kimi yaşayış məntəqələrində də istifadə verilməsi yaxşı olardı. Onu da deyim ki, ekspress avtobuslar problemi tam həll edə bilməyəcək. Amma onların sayəsində əvvəlki kimi sıxlıq da müşahidə olunmayacaq".
Ekspertlər sərnişin gediş-gəlişinin rahatlığının təmin edilməsi istiqamətində bundan sonra da bu cür layihələrin reallaşdırılmasını arzuolunan hesab etdilər.
Günəş Mərd