“Heç bir şirkət məhsulunu maya dəyərinə satmaz” - Bakıda bayramqabağı "endirim" oyunu - ARAŞDIRMA

Video

03.01.2025 14:41

Hər il bayram öncəsi paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər göz oxşayır. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük “endirimlər” olur. Hətta alıcıları cəlb etmək üçün bu rəqəmlər 50-70 faizədək artır. "Dükan bağlanır" sözləri yazan, lakin aylarla açıq qalan mağazaların sayı da az deyil. Məqsəd isə hər kəsə bəllidir: yalançı, “endirimlərlə” mağazaya müştəri cəlb etmək.

Marketinq mütəxəssisi, “DigiMark” şirkətinin direktoru Nigar Abbas TodayPress-ə bildirib ki, şirkətlər unutmamalıdır ki, onlar ilin 12 ayı endirim kompaniyası edə bilməzlər. Əgər məhsul endirimsiz formada satıla bilmirsə, bu zaman müştərilərdə ciddi tərəddütlər yaranır:

“Agentliklər və ya şirkətlər mütəmadi olaraq endirim kompaniyaları yaradır. Bu zaman mütləq formada diqqət yetirilməlidirlər ki, həmin şirkətin imicinə ziyan gəlməsin. Çünki daha çox müştəri cəlb etmək üçün olunan endirimlər brendin gələcəyinə ciddi ziyan vura bilər. Bu baxımdan “qızıl orta”nı tapmaq lazımdır”.  

Mütəxəssisin sözlərinə görə, pandemiyadan sonra demək olar ki, bütün tendensiyalar dəyişib. Mağazalar artıq anlamalıdır ki, məsələ təkcə müştəriləri “içəri çəkmək” deyil. Ondan sonra da məntiqli və hər iki tərəfə sərf edən təkliflərlə qarşılarına çıxmaq lazımdır. Çünki insanlar artıq fərqli olana yönəlirlər, daim 70% endirim verənə yox:

“Bazarda olan hər şirkətin öz seqmenti və hər seqmentin öz qədəri var. Məsələn insanlar mağazanın çölündə “yarı qiymətinə qədər endirim”, “maya dəyərinə satış” kimi löhvələri gördükdə dərhal obyektə daxil olurlar. Lakin bu zaman məlum olur ki, əslində bu defekti olan və ya hər ölçüdən bir ədəd qalan məhsullara aiddir. Bu kimi hallar yaşanan zaman alıcılar özlərini aldadılmış kimi hiss edirlər”. 

Şirkət direktoru dünyada ən çox yayılmış və ixtişaşlara səbəb olan “Qara Cümə”dən də danışıb. O, bildirib ki, həmin dönəmdə xüsusilə də brend mağazalarda biz “qırmızı etiket” deyilən kağızları görürük. Orada əsasən məhsulun 20-30, hətta bəzən 50%-ə qədər endirimə düşdüyü yazılır. Lakin bu heç də real deyil. Belə ki, həmin ərəfədə məhsulların qiymətini qaldırıb “qırmızı etiket”li hissədə isə əvvəlki rəqəmləri yazırlar. İnsanlar isə düşünür ki, bu fürsətdir, qiymətlər enib və almaq lazımdır. Lakin unutmamalıyıq ki, heç bir şirkət məhsulunu maya dəyərinə satmaz. 

Nigar Abbas istehlakçılara səslənərək, daha diqqətli olmalarına və hər kompaniyaya inanmamağa çağırıb.  

Töhfə Səməd

tag: Marketinq ,Yalan ,Bayram ,Şirkət ,todaypress.az