“Hazırda top Ermənistanın meydançasındadır”: Parlamentari İrəvanı məkirli iddialardan əl çəkməyə səslədi – ŞƏRH

Video

20.12.2024 11:19

“Prezident İlham Əliyev dekabrın 17-də “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində bir daha Ermənistan-Azərbaycan post-münaqişə dövründəki münasibətlərinə və masa üzərində müzakirə edilən sülh sazişi ilə bağlı bir çox vacib məqamlara toxunaraq xatırladıb ki, sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb, qalan 2-i isə hələ müzakirə edilir”. 

Bunu TodayPress-ə verdiyi açıqlama Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. O, dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, Ermənistan beynəlxalq təşkilatlar və platformalar vasitəsilə Azərbaycana qarşı irəli sürdüyü iddialardan əl çəkməlidir:

“Bu olduqca vacib məqamdır. Çünki Ermənistan özü 30 il ərzində Azərbaycan torpaqlarını işğal altına saxlayıb və darmadağın edib. Apardığımız hesablamalara görə, 150 milyarddan çox məbləğ dəyərində Azərbaycana zərər vurulub. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi hələ də riyakarlıq edir, ikiüzlü siyasət yürüdərək Azərbaycana qarşı əsassız iddialarını irəli sürür. Bundan başqa, rəsmi İrəvan şərti sərhəd zolağında 3-cü tərəflərə məxsus qüvvələrin olmamasını öz üzərinə götürməli və icra etməlidir. Lakin biz hələ də bunun şahidi ola bilmirik”. 

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi ilə razılaşdırılmadan Avropa İttifaqı missiyasının sayı və qalma müddəti artırılıb və demək olar ki, NATO missiyası səviyyəsinə çatdırılması işləri aparılır. Bu isə rəsmi Bakı tərəfindən qətiyyən qəbul edilmir.  

Parlamentari Ermənistan tərəfindən həll edilməli olan əsas iki məsələyə toxunaraq bildirib ki, Azərbaycana qarşı qaldırılan iddialardan əl çəkilməli və şərti sərhəd zolağında olan “sülhməramlı” missiya oradan götürülməlidir. Bütün bunların həyata keçirilməsi məsuliyyəti isə Paşinyan administrasiyasının üzərinə düşür. 

“Ermənistanın konsititusiyasındakı ərazi iddiaları ilə bağlı məsələyə fundamental yanaşması, konsititusiyasının priampulasında olan müstəqillik bəyənnaməsinə istinadı çıxarması lazımdır. Eyni zamanda transport və kommunikasiya xətlərinin iki tərəfə uyğun olaraq açılması sülhə töhfə vermiş olardı” deyə o, vurğulayıb. 

Millət Vəkili sonda diqqətə çatdırıb ki, hazırda top Ermənistanın meydançasındadır. Buna görə də onların məsuliyyəti bu məsələdə daha böyükdür ki, ona qarşı təklif edilən konstruktiv məqamlara qarşılıq versin. 

Qeyd edək ki, ölkə başçısı verdiyi müsahibədə bildirib ki, sülh sazişinin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. 

“Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam” deyə Prezident İlham Əliyev qeyd edib.

Töhfə Səməd

tag: Azərbaycan ,Ermənistan ,Sülh ,Saziş ,todaypress.az