Hakan Fidanın Bakı səfəri: “Türkiyə sülh müqaviləsinin bağlanmasını tezləşdirmək istəyir”
Video
19.01.2025 14:37
“Türkiyə xarici işlər naziri Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasının tezləşdirilməsi üçün Bakıya gəlib”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesinin bir neçə aya yekunlaşdırılmasını istəyir:
“Rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, sərhədlərin delimitasiya və demarkasiya komissiyasının yaradılması və bu istiqamətdə həyata keçirilən real işləri sülh üçün təməl baza kimi qəbul edir. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqlar apararaq növbəti mərhələdə bu dəhlizin açılmasına nail olunmasını istəyir. Ankara Ermənistan və Azərbaycan tərəfindən sülh prosesini uzada biləcək əlavə şərtlərin də irəli sürülməsini istəmir. Fikrimcə, Hakan Fidan sülh müqaviləsinin tezliklə bağlanması və əlavə şərtlərin irəli sürülməməsi üçün Azərbaycanla danışıqlar aparmaq üçün Bakıya gəlib”.
Analitik vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında 17 bəndlik sülh müqaviləsinin mətni hazırlanıb. Mətnin 15 bəndi razılaşdırılıb. Sülh mətninin 90%-i razılaşdırılıb. İndi Türkiyə iki bəndi razılaşdırmaqla, qısa bir vaxtda sülhün əldə edilməsini istəyir. Türkiyə tərəflərə mövcud reallıqlara uyğun davranmağı tövsiyə edir:
“Türkiyə XİN rəhbəri Bakıdan əliboş qayıtmayacaq. Yaxın perspektivdə sülh istiqamətində ciddi addımların atılması mümkündür. Görünür Türkiyə Ermənistanla sərhədlərini tezliklə açmaq istəyir”.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Azərbaycana səfər edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub. Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.