Gürcüstanda vəziyyət gərginləşir: Ölkə prezidenti Qərbdə yardım istədi
Video
30.11.2024 09:37
“Avopa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qərarlar təzyiq mexanizmi olaraq başa düşülür. Onların birbaşa hüquqi keçərliliyi yoxdur, tövsiyə xarakteri daşıyır”.
Politoloq Natiq Miri bunu Avropa Parlamentinin (AP) Gürcüstana qarşı qəbul etdiyi növbəti qətnamə ilə bağlı TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Gürcüstan bu təzyiqdən konkret nəticələr çıxarmasa, Avropanın icra strukturları AP-nin qəbul etdiyi qərarlar yönündə konkret qərarlar qəbul edə bilərlər. AP analoji siysəti dəfələrlə Azərbaycana qarşı da həyata keçirməyə çalışıb.
Anakitik hesab edir ki, indiki Gürcüstanda gedən proseslərin əsas hərəkətverici qüvvəsi Fransadır. Çünki Gürcüstan prezidenti Salome Zurabişvili Fransanın Gürcüstanda yerləşdirilən alətidir:
“Bu gün Zurabişvilinin özünün əleyhinə çıxdığı İvanişvili hakmiyyəti məhz zamanında Fransa ilə anlaşaraq onu saxta seçkilər vasitəsilə prezident kreslosunda oturdublar. Bunu da heç kim unutmasın. Eyni zamanda indi Gürcüstanda müxalifət adına böyük bir fiasko və məğlubiyyət varsa, bunun da əsas səbəbkarı fərsiz Fransa dövlətidir. Onun başında duran Makron siyasətidir. Burada bütün oyun Zurabişvilinin üzərindən oynanılıb. Əgər belə olmasa idi, Zurabişvili zamanında öz səlahiyyətindən istifadə edərək Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini əfv edərdi. Saakaşvili bir inqilabçıdır. O, Zurabişvilidən fərqli olaraq prosesi qələbəyə doğru apara bilərdi. Ancaq nə Fransa, nə də onun aləti olan Zurabişvili bunu etmədilər. Niyə? Çünki Saakaşvili həbsdən çıxdığı təqdirdə Zurabişvili onun kölgəsində qalacaqdı. Bu da nə onun, nə də Fransanın siyasətinə uyğun deyil”.
Natiq Miri diqqətə çatdırıb ki, bu gün gürcü xalqının böyük əksəriyyəti Avropaya inteqrasiyadan yana olan siyasətin tərəfdarı olsalar da, Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarının 2028-ci ilin sonuna qədər dayandırılmasına görə xalq tam olaraq küçələrdə deyil. Bu da Zurabaşvilinin müstəqil siyasi iradəyə sahib biri olmadığını göstərir. Ondan nələr tələb olunursa, o da kukla kimi onları icra edir.
Qeyd edək ki, noyabrın 28-i Avropa Parlamentində (AP) Gürcüstana qarşı növbəti qətnamə qəbul edilib. Qətnamədə Avropa Komissiyasına Gürcüstanla vizasız rejimə yenidən baxmaq, Avropa İttifaqının (Aİ) Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışları edilib. Dekabrın 16-da keçiriləcək Aİ-nin Xarici işlər Şurasının iclasında isə 27 üzv dövlət tərəfindən vizasız rejimə son qoymağın mümkünlüyü də daxil olmaqla Gürcüstanla bağlı müzakirə aparılacaq.
Məlumat üçün bildirək ki, Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqların 2028-ci ilə qədər dayandırması qərarından sonra mitinqlər başlayıb. Aksiyada 30-dan çox polis yaralanıb. Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə baş verən anarxiyanı və yaşanan xaosun qarşısını almaq üçün Avropa ölkələrindən yardım istəyib. Öz xalqına, onların söz və azadlıq ifadəsin, iradəsinə qarşı Qərbdən daha sərt reaksiya nümayiş etdirməsini tələb edib.
Günəş Mərd