Gürcüstana təhdid, Ermənistana rəğbət – QƏRBİN İKİLİ STANDARTI
Video
11.07.2024 11:19
Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi dayandırılıb. İttifaq buna səbəb olaraq, ölkə rəhbərliyinin niyyətinin Aİ liderləri üçün aydın olmadığını göstərib.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən Oqtay Qasımov bildirib ki, son dövrlər Qərbin Cənubi Qafqazda Ermənistana etimad göstərməsi, Azərbaycan və Gürcüstana qarşı qərəzli mövqe nümayiş etdirməsi ikili siyasətinin nümunəsidir. Politoloqun sözlərinə görə, bunun kökündə rəsmi İrəvanın məhz itaətkarcasına Qərbin təlimatlarına uyğun olaraq bölgədə gərginlik yaratması, anti-Rusiya ovqatını gücləndirməsi və Qərbin bölgəyə yerləşməsi üçün səy göstərməsi dayanır:
“Azərbaycana qarşı ciddi təzyiq dalğası başlanıb. Buna oxşar proses bu gün Gürcüstanda da həyata keçirilir. Belə ki, Rusiya-Ukrayna münaqişəsində Gürcüstanın sanksiyalara qoşulmaması, eləcə də Rusiyaya qarşı ikinci cəbhənin açılmasının qarşısını alması Qərdə ciddi narahatlıqlar yaratdı. Ölkə parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi isə onları Gürcüstana qarşı hərəkətə keçirdi. Bu da ikili standartların bariz göstəricisidir”.
Politoloq Əli Zülfüqaroğlunun fikrincə, qeyd olunan məsələdə “demokratik” prinsiplərin əsas götürülməsi sadəcə bəhanədir. Onun qənaətincə, hökumətin dövlətin və xalqının maraqlarını hər şeydən üstün tutması, Gürcüstanın Qərblə münasibətində soyuqluq yaratdı. Məsələ ondadır ki, Qərb Gürcüstanla Rusiyanın yaxınlaşmasını istəmir, rəsmi Tbilisi isə əksinə Kreml ilə əlaqələrini yenidən bərpa etməyi düşünür. Bu da Qərbin maraqlarına qarşı zidd addımdır:
“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Qərb tərəfindən Gürcüstana son dərəcə ciddi təhdidlər səsləndirildi. Hətta Gürcüstanın daxili işinə birbaşa qarışıldı. ABŞ Dövlət Departamenti rəsmi Tbilisini açıq formada təhdid etdi, nazirlər səviyyəsində Gürcüstanda keçirilən mitinqlərdə iştirak etdi. Bu kifayət qədər beynəlxalq hüququn norma və prinsiplərinin pozulması demək idi”.
Xatırladaq ki, Ermənistanda da hakimiyyət devrilən zaman kifayət qədər etiraz aksiyaları və polis zorakılığı olmuşdu. Lakin Gürcüstandan fərqli olaraq, Qərb tərəfindən Ermənistana sanksiyalar tətbiq olunmadı, əskinə göz yumuldu. Bu da Qərbin “demokratiyası”nı ifşa etdi.
Töhfə Səməd
tag: Gürcüstan, Ermənistan, ABŞ, Qərb, Zorakılıq, todaypress.az