Gözlənilən MÜHARİBƏ HİNDİSTANLI VƏ PAKİSTANLI ekspertlərin dili ilə

Video

09.05.2025 09:47

Cənubi Asiyada illərdir davam edən Hindistan-Pakistan rəqabəti yenidən kritik həddə çatıb. Cammu və Kəşmirdə baş vermiş son terror aktı fonunda iki nüvə ölkəsi arasında diplomatik münasibətlər kəskin şəkildə gərginləşib. Hər iki tərəf bir-birini ittiham edir, sərt bəyanatlarla çıxış edir. Artan gərginlik fonunda həm Hindistanın, həm də Pakistanın ritorikası sərtləşir, bu isə bölgədə genişmiqyaslı münaqişə ehtimalını qətiləşdirir. 

Hindistan rəsmi dairələri hücumun arxasında Pakistanın dayandığını bildirərək, İslamabadı terrorçuları himayə etməkdə ittiham edib. Yeni Dehli terror aktının məsuliyyətini Pakistanın dəstəklədiyi silahlı qrupların üzərinə qoyaraq, bu ölkəyə qarşı sərt cavab tədbirləri görüləcəyini bəyan edib. Pakistan isə bu iddiaları qətiyyətlə rədd edir və Hindistanı sübut olmadan ittiham etməkdə və dini nifrəti alovlandırmaqda günahlandırır.   

Hindistanda yerləşən xarici siyasət məsələləri üzrə beyin mərkəzi olan “Usanas Fondu”nun qurucusu və Baş direktoru, strateji məsələlər üzrə ekspert Dr. Abhinav Pandya TodayPress-ə danışarkən bildirib ki, Cənubi Asiya hazırda böyük bir savaşın astanasındadır:   

“Baş verən hadisədən sonra Hindistan və Pakistan arasında vəziyyət son dərəcə gərginləşib. Hindistanın hər yerində insanlar qəzəb və narahatlıq içindədirlər, cəmiyyət ciddi şəkildə Pakistana qarşı sərt cavab tədbirləri tələb edir. Hazırda vəziyyətin genişmiqyaslı eskalasiyaya doğru getdiyi açıq şəkildə görünür. Hindistan hökuməti ciddi cavab tədbirləri görəcəyini bəyan edib. Əgər Yeni Dehli İslamabada qarşı genişmiqyaslı zərbə endirərsə, bu, tammiqyaslı müharibəyə gətirib çıxara bilər. Hər iki dövlət nüvə silahına malikdir və bu səbəbdən vəziyyət son dərəcə təhlükəlidir”. 

Ekspertin qənaətincə, bu qarşıdurma bəşəriyyət üçün böyük fəlakətə çevrilə bilər. Hindistanda isə xüsusilə hakim Bharatiya Janata Partiyasının (BJP) əsas elektoratı olan hindu millətçiləri bu hadisəyə görə son dərəcə hiddətlidirlər.

Hətta Kəşmirdəki müsəlmanlar belə bu terror aktına qarşı etiraz aksiyaları keçiriblər. Müxalifət partiyaları da hökumətin arxasında dayanaraq Pakistana qarşı ciddi cavab tədbirlərinin görülməsini tələb edirlər.  “Hazırda Hindistan hökuməti vəziyyətə necə cavab verməli olduğunu qiymətləndirir və müxtəlif variantlar üzərində düşünür. Ümumi mənzərəyə nəzər saldıqda, vəziyyət olduqca ciddidir”.   

“Aik News Pakistan”ın rəhbəri, siyasi şərhçi Fahd Husain isə TodayPress-ə danışarkən Hindistanın hər hansı “macəra” xarakterli hücum cəhdinə qarşı Pakistanın silahlı qüvvələrinin tam hazır vəziyyətdə olduğunu və belə bir halda dərhal cavab veriləcəyini diqqətə çatdırıb.   

“Biz ilk gündən bu yana bildiririk ki, münaqişə istəmirik. Lakin bunun qarşılığında Hindistan da heç bir təxribatçı addım atmamalıdır. Ən kiçik belə bir addım cavab tədbirləri görülməyini tələb edəcək və Cənubi Asiyada yüz ilin müharibəsi başlayacaq”.   

O əlavə edib ki, rəsmi İslamabad hazırda digər ölkələrlə diplomatik əlaqələrini gücləndirərək Hindistanın irəli sürdüyü ittihamların əsassız olduğunu izah etməyə çalışır. Çünki baş verən terror aktına dair Hindistan tərəfindən indiyədək heç bir konkret sübut təqdim olunmayıb və Pakistanın bu insidentlə əlaqələndirilməsi əsassızdır. 

“Pakistan hökumətinin narahatlığı ondan ibarətdir ki, Hindistan təkcə gərginlik yaratmaqla kifayətlənməyib, faktiki olaraq hərbi əməliyyata başlaya bilər. Bu, təkcə bir hücumla məhdudlaşmaya və eskalasiya sürətlə böyüyə bilər. Belə bir ssenaridə isə nə Pakistan, nə də Hindistan vəziyyətin nəzarətdən çıxmasının qarşısını ala biləcək. Ümid edirik ki, Hindistan rəhbərliyi gərginliyi artırmaq əvəzinə sağlam düşüncə ilə hərəkət edəcək”. 

O son olaraq nəzərə çatdırıb ki, hazırda ölkəsinin mövqeyi tam aydındır: sülhə üstünlük verilir, lakin təhlükə qarşısında susmaq niyyətləri yoxdur.   

Qeyd edək ki, aprelin 22-də Hindistanın inzibati nəzarətindəki Kəşmir bölgəsində terror aktı baş verib. Nəticədə 26 mülki şəxs həyatını itirib, daha 13 nəfər isə yaralanıb. 

Bundan sonra iki ölkə qarşılıqlı olaraq vizaları ləğv edib, diplomatik nümayəndələrin sayını yarıya qədər endirib, həmçinin Pakistan hava məkanını Hindistana məxsus bütün uçuşlar üçün bağlayıb.     

Töhfə Səməd

tag: Təhlil,Hindistan,Pakistan,Ekspertlər,Todaypress.az