Gələcəyimizin sual doğuran gələcəyi: Gənclər kriminal aləmə niyə meyillənir?

Video

28.06.2024 16:46

Dünən axşam paytaxtın Nərimanov rayonunda Tural Kosayev adlı gəncin həmyaşıdı İsmayıl Allahverdiyev tərəfindən güllələnərək qətlə yetirilməsi cəmiyyətdə ajiotaj yaratdı. 

Hadisə son vaxtlar ölkəmizdə gənclər tərəfindən törədilən cinayət hadisələrinin artmasını gündəmə gətirdi. 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirdi ki, bu təkcə yaşla bağlı məsələ deyil, bütünlükdə cəmiyyətdə höküm sürən kriminal ab-havanın uşaqlara, gənclərə sirayət etməsidir:

“Əgər bir orta məktəbdə kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilirsə, bu o deməkdir ki, artıq həmin təhsil oçağı humanist insan yetişdirəcək mahiyyətdə deyil. Biz bunun mənfi təsirlərini qarşıdakı illərdə hiss edəcəyik. Məktəbdə təlim, tərbiyə testə, ayrı-ayrı sertifikasiyalara qurban verilib. Eyni mənzərə ali təhsil ocaqlarında da höküm sürür. Ona görə də bu yaşda olan insanların kriminal aləmə cəlb olunmasına şərait yaranır. Nəticədə cəmiyyətdə kriminal ocaq  yetişir. Onun külündən od yaranmağa başlayır və bu da çox təhlükəlidir”. 

Deputat vurğuladı ki, gənclərin kriminal aləmə meyillənməsinin qarşısını almaq üçün düşüncəli, savadlı və tərbiyəli adamların sayını artırmaq lazımdır.

Sosioloq Mail Yaqub isə mövzu barədə TodayPress-ə açıqlamasında cəmiyyətdə cinayətin qarşısını alan iki əsas amilin olduğunu qeyd etdi: 

“Onlardan biri sərt hüquq sistemi, digəri isə əxlaqdır. Təəssüf ki, hazırda Azərbaycanda əxlaq arxa planda qalıb. Artıq bu təbliğ olunmur. Mənəviyyat adına danışılanların da bir çoxu nağıldır. Əxlaq isə nağıl deyil praktik real həyatdır. Məktəblərdə, ailələrdə bu təbliğ olunmalıdır. Təəssüflər olsun ki, bu cəhətdən zəifik”. 

Sosioloq məktəblərdə əxlaq dərslərinin keçilməməsindən gileyləndi: 

“Müəllimlərimiz özləri nə qədər əxlaqi dəyərlərə sahibdirlər ki, uşaqlara da bunu öyrətsinlər?! Bəli hüquq sistemi işləyir, amma əxlaq sistemi işləməyəndə cəmiyyətdə xoşagəlməz hallar, cinayətlər çox olur. Bu hadisə də o qəbildəndir. Əgər cəmiyyətdə cinayətin qarşısını almaq istəyiriksə, məktəblərdə, ailələrdə əxlaq məsələlərinə xüsusi diqqət ayırmalıyıq”.  

Qeyd edək ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayev ilə 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev arasında mübahisə yaranıb. Nəticədə T.Kosayev odlu silahla qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Günəş Mərd

tag: Gənclər, Fazil Mustafa, Mail Yaqub, Kriminal, Əxlaq, todaypress.az