Gedişhaqqı artdı, amma keyfiyyət dəyişmədi: Sərnişinlərin kondisioner problemi

Video

11.07.2024 12:19

Artıq sərnişin daşımada gediş haqqı 50 qəpikdir. Amma avtobuslarda əvvəlki problemlər hələ də qalmaqdadır. İsti yay günlərində ictimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem isə marşrut avtobuslarında ventilyasiya və ya kondisioner sisteminin olmaması və ya işləməməsidir. Bəzi avtobuslarda isə oturacaqlar sınıq-salxaq vəziyyətdədir. Halbuki, 2023-cü ilin fevralında baş verən qiymət artımı zamanı bildirilmişdir ki, bu qərar keyfiyyəti artırmaq üçündür. Lakin vətəndaşlar ödənişin çox, keyfiyyətin isə aşağı olmasından şikayət edirlər. 

Məsələylə bağlı TodayPress-ə açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, ictimai nəqliyyatla bağlı narazılıqlar günün ən aktual məsələlərindən biridir:

“Hazırda müəyyən islahatlar həyata keçirilir. İstər avtobus zolaqlarının çəkilməsi, istər yeni ictimai nəqliyyatların gətirilməsi, istərsə də mövcud olanların təkmilləşdirilməsi və digər məsələlər son dövrlərdə aktivləşməyə başlayıb. Bəlli məsələdir ki, bütün bu yenilikləri etmək üçün ciddi maliyyə tələb olunur. Odur ki, proses yavaş irəliləyir”. 

Maraqlısı odur ki, gediş haqqı komfort sözü ilə yaxından-uzaqdan əlaqəsi olmayan avtobuslarda da 50 qəpikdir. Amma bu nəqliyyat vasitələrində lazımi avadanlıqlar quraşdırılmayıb. Köhnə avtobuslarda nəinki kondisioner, heç ventilyator da yoxdur.

Ekspertin sözlərinə görə, Bakı ətrafı kənd və qəsəbələrdə vəziyyət daha acınacaqlıdır. Sərnişindaşımada demək olar ki, hamısı istifadəyə yararsız, köhnə nəqliyyat vasitələrindən istifadə olunur. Onun fikrincə, anomal istilərdə vətəndaşların rahatlığı üçün avtobuslar ən yaxşı vəziyyətə gətirilməlidir.  

Mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. AYNA-dan bildirildi ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilib. 

Xatırladaq ki, sosial şəbəkələrdə vətəndaşlar etiraz edərək ödədikləri məbləğ qarşılığında keyfiyyətli xidmət almadıqlarını, buna görə də qiymət artımının düzgün qərar olmadığını bildiriblər. 

Töhfə Səməd

tag: Gedişhaqqı, AYNA, Nəqliyyat, Sərnişinlər, Kondisioner, Problem, todaypress.az