Gediş haqqı məsafədən asılı olaraq ödənilməlidir: Bizdə dünya təcrübəsindən niyə istifadə edilmir?

Video

27.10.2024 15:06

“Ədalətli ödəniş sisteminə əsaslansaq, gediş haqqı məsafədən asılı olaraq ödənilməlidir”.   

Bunu TodayPress-ə verdiyi açıqlamada nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib. Onun sözlərinə görə, dünya təcrübəsində də müşahidə edirik ki, gediş haqqı məsafəyə əsasən hesablanır. Lakin Azərbaycanda bunun tətbiqi üçün zamana ehtiyac var: 

 “Buna səbəb isə hələ sistemin tam formalaşmamasıdır. İlk növbədə "BakıKart" tətbiqindəki problemlər aradan qalxmalı, ödəniş terminallarının sayı artmalıdır. Bu kimi problemlər aradan qaldırıldıqdan sonra isə yeni sistemə keçidi müzakirə etmək olar”. 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, hazırda Azərbaycanda bu sistemi tətbiq etmək mümkündür. Lakin bunun üçün əvvəlcə gərək daşıyıcı şirkətlərlə dövlət arasında xüsusi müqavilə olsun: 

“Belə ki, şərti olaraq "Brutto müqavilə"si adlandırılan bu sistemdə, dövlət daşıyıcıların daşınma xidmətlərini özü subsidiya edir. Yəni insan sayından asılı olmayaraq hökumət tərəfindən həmin məbləğ ödənir, daşıyıcı isə 1 sərnişin olsa belə, fəaliyyət göstərir. "Brutto müqavilə"si müvafiq qurumlar tərəfindən artıq dövlət orqanlarına təklif edilib. Hazırda gözləmə mərhələsindədir. Güman edirik ki, təhlil edildikdən sonra hər hansısa dəqiq qərar ictimayiətə açıqlanacaq”.  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress-in sorğusuna cavab olaraq isə bildirildi ki, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir. 

“Marşrutlarda məsəfəyə görə differensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür” deyə məsələyə aydınlıq gətirildi. 

Qeyd edək ki, bir çox ölkələrdə məsafədən asılı olaraq ödəniş etmək sistemi hazırda mövcuddur. Buna nümunə olaraq Türkiyədəki metro sistemini göstərmək olar.

Belə ki, vətəndaşlar turniketdən keçən zaman kartlarını müvafiq hissəyə yaxınlaşdırıb ödəniş edirlər. Getdikləri yerə çatdıqdan sonra isə çıxışda yerləşdirilən xüsusi aparatlara yaxınlaşıb, kartı yenidən oxudub qalıq pulu geri alırlar. Müvafiq sistemdən istifadə etmək üçün isə tələb olunan tək şərt kartın şəxsiləşdirilməsidir. Yəni kartın üzərindəki nömrə ilə tətbiqdən qeydiyyatdan keçib, mobil nömrəyə yönləndirilməlidir.   

Qeyd edək ki, bu zaman tələbə, fiziki məhdudiyyətli və pensiya alan şəxslər üçün xüsusi tariflər də tətbiq olunur.

tag: Avtobus,Gediş haqqı,Taksi,Azərbaycan,Todaypress.az