Fazil Mustafa: “Mina problemi ilə bağlı davamlı iş görməliyik”
Video
05.04.2025 15:08
“Azərbaycanın minalardan zərər çəkməsinə laqeyd yanaşma beynəlxalq arenada bir ənənəyə çevrilib”.
Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, minatəmizləmə beynəlxalq humanitar dəstəyə ehtiyac olan bir sahədir. Lakin təəssüf ki, standartlar fərqlidir.
“Bu, tamamilə yanlış yoldur. Hesab edirəm ki, beynəlxalq donorların bu məsələyə baxışı elə onların cəmiyyətə, insana münasibətinin necəliyini göstərir”.
Millət vəkilinin fikrincə, beynəlxalq səviyyədə daha geniş dəstək verilməli idi ki, Azərbaycan tez bir zamanda bu bəladan xilas ola bilsin. Amma indi rəsmi Bakı öz gücü hesabına bunu həyata keçirir. Buna görə də proses çox zaman aparır.
“Hazırda işğaldan azad olunan ərazilərdə mina təhlükəsinə görə, əhalimiz məskunlaşmaqda çətinlik çəkir, müəyyən problemlər yaşayır. Amma bütün hallarda bu mövzu ətrafında düşünməliyik. Əks halda gələcəkdə daha çox insan itkisi baş verə bilər. Bu baxımdan biz beynəlxalq donorlara mütəmadi formada müraciətlərimizi etməliyik. Gələcəkdə “Siz bizə xəbər etmədiniz, hər hansısa müraciət ofisimizə daxil olmayıb” deməsinlər deyə, biz davamlı olaraq hərəkətdə qalmalıyıq”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub.
Töhfə Səməd