Fazil Mustafa millimizi sərt tənqid etdi: “Haradan, necə yığılıb bəlli deyil!"
Video
28.03.2025 12:10
“Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Buna elə yığma komanda deyilməlidir”.
TodayPress xəbər verir ki, milli məclisin deputatı Fazil Mustafa bunu öz “Facebook” hesabında yazıb.
O, futbol üzrə Azərbaycan Yığma Komandasının öz meydançasında Belarusa 2-0 məğlub olmasından sonra yığmanı sərt tənqid edib.
Millət vəkili Azərbaycan Yığma Komandasını “adı milli, özü təsərrüfat komandası” adlandırıb:
“Gerçəkdən bir yığma komanda! Haradan, necə yığılıb, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir, çünki milli komanda belə olmur. Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan uzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır”.
Fazil Mustafa “Qarabağ” klubunu isə ümumilikdə Azərbaycan futbolunun yeganə oksigen mənbəyi adlandırıb:
“Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Premyer-Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Tək klub – bütün futbolun oksigen balonu!” Deputat həmçinin Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşu da tənqid edib.
“Görəsən ona nə qədər pul verirsiniz? Onun onda birini bir azərbaycanlı məşqçiyə versəydiniz, bəlkə də üç ayda bir qələbə qazanardı” deyə o əlavə edib.
Qiymət Mahir
tag: Fazil Mustafa,Deputat,Azərbaycan,Futbol,Milli Komanda,Tənqid,Todaypress.az