Əsədin ordusu silahı ataraq ərazidən qaçır: Türkiyənin yeni siyasi nizamı bölgədə nəyi dəyişəcək?

Video

08.12.2024 16:54

“Suriyada müharibə yeni mərhələyə keçib. 4 il bundan əvvəlki savaşdan fərqli olaraq hazırki döyüşlərdə Bəşər Əsəd və müttəfiqləri xeyli zəifləyib. Əsədin bu illər ərzində siyasi iradəsini ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması, hazırki vəziyyətə gətirib çıxardı”. 

TodayPress xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “Facebook” hesabında yazıb.   

Onun sözlərinə görə, 4 ildə Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı. Mövcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Status-kvonun davam etməsi isə, Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi: 

“Bəşər Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərinin inkişafına xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəlləyir. Həmçinin Şimali Suriyada yeni bir PKK/YPG dövlətinin qurulmasına zəmin yaradır. Sözsüz ki, Türkiyə proseslərin öz əleyhinə çevrilməsini seyr edə bilməzdi”.   

Analitikin sözlərinə görə, hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur. İran bu prosesin qarşısını ala bilməyəcək. Çünki adı çəkilən dövlət Yaxın Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə, müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri - Hələb və Həma müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda Bəşər Əsədin qüvvələri silahları qoyub qaçır.   

Politoloqun qənaətincə, Suriyada döyüşən "Azad Suriya Ordusu" və "Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək.

tag: Bəşər Əsəd,Suriya,Ordu,Region,Todaypress.az