Əsəd devrildi: Bəs ölkə ərazisindəki terror təşkilatlarının aqibəti necə olacaq? - Şərh

Video

10.12.2024 15:48

“Suriya Liviyanın taleyini yaşamayacaq”. 

Politoloq Əhəd Məmmədli bunu TodayPress-ə danışarkən bildirib. 

O, hesab edir ki, Liviya dövlətçilik baxımından Suriyadan geri qalır. Bu fakt onun sonrakı teleyinə də təsir göstərəcək: 

“Suriyanın daha qədim bir tarixi var. Bu torpaqda vaxtilə Abbasi xilafəti olub. Dəməşq də bir müddət Osmanlı imperiyasının ərazisi olub. Tarixə baxsaq, orada yerləşən ərəb xalqının Şimali Afrikada, Liviyada yerləşən ərəb xalqından daha dərin kökə sahib olduğunu görərik. Suriya bu köklü dövlətçilik üstündə qurulub. Digər tərəfdən Livanda vətəndaş müharibəsi uzun çəkmədi. Müəmmər Qəddafi rejimini daha rahat devirdilər. Təbii burada xaricin də dəstəyi oldu. Amma o qələbəni öz aralarında bölüşdürə bilmədilər. Suriyada isə vətəndaş müharibəsi çox uzun çəkdi və artıq qüvvələr də, xalq da yoruldu. Onlar özləri başa düşdülər ki, konsensusa gəlmək vaxtıdır. Bu razılaşma sonrakı proseslərə öz müsbət təsirini göstərəcək”.  

Analitik Türkiyənin Suriyada gedən proseslərdəki mövqeyinə diqqət çəkib: 

“Fikrimcə, artıq Türkiyənin də dəstəyi ilə Suriyada mərkəzləşdirilmiş bir dövlət qurulacaq. Əvvəla Bəşər Əsədin tutduğu bütün ərazilər nəzarətə götürüləcək. Daha sonra Şimalda yerləşən PKK/YPG terrorçularına qarşı Türkiyə və yeni Suriya hökuməti birgə anti-terror əməliyyatı keçirəcəklər. Suriyanın bütövlüyü yolunda sonuncu pazl Colan təpələrinə nəzarəti ələ almaq olacaq.  Artıq bunu Suriya müxalifətinin lideri də bildirib. Əsəd rejiminin edə bilmədiyini yeni Suriya hökuməti edəcək və Colan yüksəklikləri nəzarətə götürüləcək. Türkiyə Suriyanın ərazi bütövlüyünü təmin edəndən sonra isə artıq özü də İsrail-Fələstin sərhədlərinə çıxmış olacaq. Hazırkı gedişatın sonu budur”.

Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Suriya prezidenti Bəşər Əsəd səhər tezdən ölkəni tərk edib. Ölkə ordusunun komandanlığı isə zabitlərə açıqlamasında Əsəd hakimiyyətinin sona çatdığını bildirib.  

Günəş Mərd

tag: Suriya ,Bəşər Əsəd,Prezident ,Terror, todaypress.az ,+