Ermənistanın təxribatlarındakı “əllər”: Erməni cəmiyyətinə kim ümid verir? - ŞƏRH
Video
19.04.2025 15:18
“Ermənistanın daxili auditoriyasında kimlərsə müharibənin yenidən başlamasında maraqlıdır”.
Politoloq Elşad Mirbəşiroğlu bunu Nikol Paşinyanın parlamentdəki çıxışını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə Ermənistanın Baş naziri sülhlə bağlı nikbin danışıb. Lakin Paşinyanın çıxışına əsasən başa düşülür ki, sanki Ermənistan tərəfindən həyata keçirilən təxribatlarda kiminsə əli var.
“Diqqəti cəlb edən məqamlardan biri isə ondan ibarətdir ki, Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsini sülh ilə eyniləşdirib. Yəni, rəsmi İrəvanın təklifinə əsasən, sülh haqqında bəyannamə imzalanan zaman Minsk qrupunun buraxılması haqqında da sənədi imzalamaq mümkün olacaq. Lakin Azərbaycanın irəli sürdüyü şərtlərdən biri, hətta ən başlıcası da məhz həmin missiyanın sülh müqaviləsindən öncə buraxılmasıdır. Yəni, Paşinyanın bunu nəyə görə sülh sazişi ilə bərabər imzalamaq istədiyi düşünmək üçün əsas yaradır. Çünki ATƏT-in Minsk qrupunun hələ də de-yuri fəaliyyət göstərməsi münaqişənin davam etməsi anlamına gəlir”.
Bundan başqa, analitik diqqətə çatdırıb ki, Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin qərarına istinad edərək heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını bildirir. Yəni rəsmi Bakının müvafiq şərti ilə bağlı İrəvanın hələlik hər hansı bir addım atmaq niyyətinin olmadığı üzə çıxır.
“Ermənistan konstitusiyanın preambulasında 1991-ci ildə qəbul edilmiş Ermənistanın müstəqillik bəyannaməsinə istinad edilir. Orada da Qarabağın Ermənistana birləşdirilməsi məsələsi aşkar ifadə olunur. Yəni bu da sözsüz ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olduğunun aydın sübutdur. Belə bir şəraitdə sülh sazişinin imzalanmasının hüquqi təsiri olmayacaq. Çünki müvafiq sənəddə göstərilir ki, Ermənistanın imzaladığı heç bir beynəlxalq sənəd konstitusiya ilə ziddiyyət təşkil edə, hüquqi üstünlüyə sahib ola bilməz. Ona görə də sual yaranır ki, Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi imzalanırsa, sazişin bir əhəmiyyəti ola bilərmi?”.
E. Mirbəşiroğlu vurğulayıb ki, bir neçə il sonra Ermənistan, öz konstitusiyasına istinad edərək, ümumiyyətlə imzalanan sülh sazişinin əhəmiyyətsiz olduğunu bildirə bilər. Yəni Paşinyanın söylədiyi fikirlərdən belə nəticə çıxarmaq olar ki, o, daxili auditoriya üçün ehtiyatla addım atır. Ermənistan cəmiyyəti üçün ümid elementləri qoyur ki, gələcəkdə "itirmiş olduqları" mövqələrini qaytarmaq imkanına sahibdirlər.
“Hesab edirəm ki, Paşinyanın bu çıxışı siyasi gediş kimi nəzərdən keçirilə bilər. Amma bütün hallarda Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir ki, regionda davamlı sülh əldə olsun” deyə o nitqini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxış edərək “Müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq” deyib.
Paşinyan, həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.
Töhfə Səməd
tag: Elşad Mirbəşiroğlu,Politoloq,Ermənistan,Azərbaycan,Todaypress.az