Ermənistanın “gözünün boyanması”prosesində NÖVBƏTİ MƏRHƏLƏ

Video

28.01.2025 17:39

“Avropa İttifaqı (Aİ) fəal qonşuluq siyasətini bəyan edərək artıq neçə ildir ki, İttifaqa qəbulu dayandırıb. Lakin hazırkı mərhələdə Ermənistanın aldadılması və “gözünün boyanması” prosesi gedir”. 

Politoloq Tofiq Abbasov Ermənistan parlament komissiyasının Aİ-yə üzvlük prosesinin başlanılmasına razılıq verməsi ilə bağlı məsələni TodayPress-ə şərh edərkən deyib.   O vurğulayıb ki, komissiya Ermənistanın Aİ-yə qəbulunun qarşısında xeyli maneələr olduğunu çox yaxşı anlayır:   

“Çünki əsas göstəricilər baxımından rəsmi İrəvan ittifaqa üzv olmağa layiq deyil. İlk növbədə hazırda ölkənin iqtisadiyyatı bərbad vəziyyətdədir. Həmçinin Ermənistan Rusiyanın müttəfiqi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da üzvüdür. Bunların hamısı ciddi maneələrdir. Əgər Ermənistan ,həqiqətən də, Aİ-də yer almaq istəyirsə, gərək ilk növbədə Şərq tərəfindəki birliklərdən prosedurlar qaydası əsasında çıxsın. Bu isə müəyyən dövr, vaxt tələb edir”. 

 Analitik xatırladıb ki, Ermənistan dəfələrlə KTMT ilə əlaqəsinin kəsildiyini və fəaliyyətini dayandırdığını bildirsə də, proseslər öz qaydası ilə davam edir. Digər tərəfdən Aİ-yə daxil olmaq üçün Ernənistanın daxilində və ətrafında sabitlik olmalıdır: 

 “Avropa İttifaq tələb edir ki, üzvlərdən biri digərinə problem yaratmasın, münaqişə olmasın, inteqrasiya proseslərində fəal iştirak etsin, büdcəyə pay versin və ya yeri gələndə həmin yatırımdan istifadə etsin. Avropa İttifaqı xüsusi bir təşkilat olduğuna görə onun tələbləri də bir qədər sərt və müəyyən qəliblər daxilindədir. Lakin bu meyarların əksəriyyəti Ermənistanda mövcud deyil. Yəni rəsmi İrəvanın Şərq tərəfdaşı ölkəsi olması ona kömək etmir. Əgər bu xüsusiyyyət əsas götürülsəydi, Azərbaycanın Aİ-yə qəbul olunması daha üstün tutulardı.         

Çünki biz 10 ölkə ilə əsaslı, dərin strateji tərəfdaşlıq sənədlərini imzalamışıq, həm də inteqrasiya prosesimiz demək olar ki, bütövlüklə Avropa istiqamətindədir. Ermənistanın isə bu səviyyədə münasibətləri yoxdur. Düzdür, rəsmi İrəvanı hərbi-siyasi cəhətdən Fransa, Şimali İrlandiya və Yunanıstan dəstəkləyə bilər, lakin Ermənistan yarım subyekiv dövlətdir. Azərbaycanla münaqişəni bitirə bilmir, sülh sazişini imzalamır, əksinə süni əngəllər yaradır. Yəni ölkə olaraq özlərini nəinki Avropada, heç regionda da tam təsdiqləyə bilməyiblər”.   

T.Abbasov vurğulayıb ki, Ermənistan əvvəllər qanadları altına sığındığı Rusiyadan indi uzaqlaşsa və Amerikaya yaxınlaşsa da, bütün bunlar elə də ciddi hadisələr deyil. İstər əməldə, istərsə də praktiki müstəvidə Ermənistan o qədər də yüksək təsir gücünə malik deyil.  Politoloq son olaraq Türkiyənin Aİ-yə üzv olub-olmaması ilə bağlı məsələyə də diqqət çəkib:   

“Mən əminəm ki, rəsmi Ankaranın Aİ-yə daxil olması məsələsi yenə də təxirə salınacaq. 60 ilə yaxındır ki, danışıqlar gedir və biz görürük ki, faktiki olaraq Türkiyənin vaxtını boş yerə alır. Vaxt həlledici məqama çatanda biz görürük ki, Avropa İttifaqının qabaqcıl şəxsləri süni bəhanələr ortaya qoyurlar. Şimali Kipr böhranında da bütün məsulliyyəti Türkiyənin üzərinə atırlar. Türkiyə Aİ-yə üzvlük məsələsinə hələ də isti münasibət bəsləsə də, bunun mümkünlüyü çox az görünür. Çünki Türkiyənin güclənməsi Avropa ölkələrinin bir çoxunu təşvişə salır.  Bilirik ki, Türkiyənin hətta hərbi müstəvidə imkanları xeyli dərəcədə artıb və bu, bir növ Avropa dairələrində təhdid kimi qarşılanır. Bu isə Osmanlı dövrünü xatırladır. O dönəmdə də Avropa Türkiyədən çəkinirdi, qorxurdu, onları özləri üçün əsas təhdid sayırdılar. XIX əsrin sonlarında Osmanlı tədricən zəifləməyə başlayanda artıq başladılar bu sistemi sarsıtmağa ki, onu parçalayıb dağıtsınlar və ondan bəhrələnsinlər. Belə də oldu. Fransa, Büyük Britaniya və başqaları bu prosesdə öz paylarını götürdülər”. 

 Xatırladaq ki, yanvarın 24-də Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Müvafiq komitə iclasında təsdiqlənən sənədə daha sonra plenar iclasda baxılacaq.

tag: Politoloq,Tofiq Abbasov,Avropa İttifaqı,KTMT,Todaypress.az