"Ermənistan savaş meydanına çevriləcək” - İki od arasında qalan İrəvanın seçimi nə olacaq? - ŞƏRH

Video

11.01.2025 12:03

“Ermənistanın Avropa İttifaqına üzvülük prosesinə başlanmasını nəzərdə tutan qərar layihəsini təsdiqləməsi əslində yeni bir şey deyil. Bu gözlənilən addım idi. Mövcud proses böyük ölçüdə heç nəyi dəyişmir. Çünki Avropa İttifaqı postsovet məkanından üzvlərin qəbuluna olduqca həsasslıqla yanaşır”.

Politoloq  Rəşad Bayramov bunu TodayPress-ə danışarkən bildirib. 

O, əvvəlcə bir sıra ölkələrin Aİ-yə üzvlüklə bağlı etdiyi müraciətlərə diqqət çəkib:  

“Biz indiyədək Aİ-yə üzvlük üçün edilən müraciətlərin nə ilə nəticələndiyinə, Gürcüstanın, Ukraynanın, Moldovanın hansı proseslərlə üzləşdiyinə şahidlik etmişik. İndi də Ermənistanın müraciətini görürük. Bu, heç nəyi dəyişməyəcək, sadəcə ölkənin siyasi kursunun bundan sonra hansı istiqamətə davam etdiriləcəyini bəlli edəcək. Avropa İttifaqı özü hazırda iqtisadi böhran yaşadığı bir dövrdə hansısa yeni ölkəni qəbul edib, onun iqtisadi potensialını da ayaqda saxlamaq kimi əlavə xərcləri özünə rəva bilmir.  O baxımdan indiki mərhələdə Ermənistanın bu istiqamətdə addım atması heç nəyi dəyişməyəcək”. 

Analitik vurğulayıb ki, Ermənistanın hazırkı böyük problemlərini aşaraq, Avropa İttifaqının bütün tələblərinə cavab verən iqtisadiyyat qurması və hələ də Azərbaycanla sülh sazişi bağlamadan quruma üzvlüyü faktiki olaraq mümkünsüzdür: 

“Bundan sonra biz əksinə davamlı şəkildə Ermənistana təzyiqlərin artdığına şahidlik edəcəyik. Bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən isə Rusiya İrəvanı təzyiq altında saxlayacaq. Bu, onsuz da ağır vəziyyətdə olan Ermənistanda həm daxili siyasi çətinliyin artmasına səbəb olacaq, həm də Ermənistanı Rusiya və Qərb arasında açıq savaş meydanına çevirəcək”.   

Qeyd edək ki, Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə Parlamentin müzakirəsinə göndərilib. 

Günəş Mərd

tag: İrəvan, Rusiya ,Aİ, Savaş, todaypress.az