Ermənistan-Qərb münasibətləri dərinləşir: İran üçün hansı risklər gözlənilir? – ŞƏRH

Video

28.03.2025 11:36

“ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinə başladıqdan sonra İranla münasibətlərdə gərginlik yenidən artıb. Hazırda Vaşinqtonun sərt mövqeyi davam edir və münasibətlərin taleyi ABŞ–Rusiya münasibətlərindən asılı olacaq”. 

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Trampın birinci prezidentliyi dövründə ABŞ-nin nüvə sazişindən birtərəfli çıxması münasibətlərin gərginləşməsində əsas rol oynayıb: 

“Tramp administrasiyası 2019-cu ildən başlayaraq nüvə sazişindən imtina etdi və İran yenidən uranın zənginləşdirilməsinə başladı. Halbuki MAQATE-nin rəylərinə görə, İran razılaşmanın şərtlərinə əməl edirdi. Lakin ABŞ-nin bu qərarı münasibətlərin yenidən kəskinləşməsinə səbəb oldu. Hazırda bu proses davam edir və Tramp administrasiyası İrana qarşı hədə-qorxu siyasətindən çəkinmir. Bu proseslərin gələcək inkişafı ABŞ ilə Rusiya arasındakı münasibətlərin hansı istiqamətdə davam etməsindən asılı olacaq”.       

Ekspert vurğulayıb ki, mövcud situasiyada Ermənistanın hansı cəbhəni seçəcəyi məsələsində ciddi dəyişiklik gözlənilmir: 

“Hesab edirəm ki, Ermənistan indiki münasibətlər sistemində qalacaq. Çünki ABŞ ilə İran münasibətləri kifayət qədər gərgin olduğu halda belə, ABŞ və Ermənistan hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzaladılar, hərbi təlimlər keçirdilər və Qərb Ermənistana silah-sursat ötürməyə davam edir. Maraqlıdır ki, bütün bunlara İranın ciddi reaksiyası müşahidə olunmur”. 

E. Mirbəşiroğluna görə, bu xüsusda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-nin rolu barədə ayrıca düşünməyə ehtiyac var: 

“Əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, ABŞ-nin vasitəçiliyi olmadan da Azərbaycanla münasibətlərin normallaşdırılması mümkündür. Artıq sülh sazişinin mətni üzrə razılıq əldə olunub və 2023-cü ilin dekabrında tərəflər arasında birbaşa görüşlər də baş tutub. Azərbaycan regionda güc mövqeyinə söykənərək ədalətli və davamlı sülh mühiti yaratmaq əzmindədir. Burada əsas problem Ermənistanın özündədir”. 

Analitik Ermənistan–İran münasibətlərində ciddi dəyişiklik gözləmir: 

“İran Ermənistanın Qərblə sıx yaxınlaşmasına rəsmi mövqe bildirməyib. Görünür, bu yaxınlaşma İran tərəfini narahat etmir. Bu, İran üçün düşündürücü olmalıdır. 2024-cü ildə aprelin əvvəlində Brüsseldə keçirilən görüşdə də İran özünü rahat aparırdı. Ona görə də Ermənistan–Qərb münasibətləri İran üçün ciddi narahatlıq yaratmır”. 

Qiymət Mahir

tag: Elşad Mirbəşiroğlu,Politoloq,ABŞ,İran,Ermənistan,Todaypress.az