Ermənistan məğlub olduğunu qəbul etməli və Azərbaycanla sülh müqaviləsi bağlamalıdır
Video
23.09.2024 14:28
“Sülh müqaviləsinin imzalanması sərhədlərin demarkasiyası məsələsindən daha yaxındır”.
Bu sözləri “Ceymstaun” Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza TodayPress-ə danışarkən deyib. O, bildirib ki, sərhədlərlə bağlı müqavilənin imzalanması daha çox vaxt tələb edir, çünki üzərində işlənməli olan kifayət qədər texniki detal var:
“Sülh müqaviləsinə gəlincə, aydın məsələdir ki, prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan buna nail olmaq niyyətindədirlər. Əgər belə olmasaydı, İlham Əliyev Paşinyanı COP29-a dəvət etməzdi. Əvvəllər məsələ hüquqi yolla həll edilə bilərdi. Lakin indi Ermənistanın hüquqi cəhətdən heç bir şansı yoxdur. Ermənistan xalqı nə qədər məyus olsa da, İkinci Qarabağ müharibəsində məğlub olduqlarını qəbul etməli və Azərbaycanla sülh müqaviləsi bağlamalıdırlar”.
Analitikin sözlərinə görə, mövcud olan problemlər öz həllini tapmasa da, bu günə qədər sülh istiqamətində ciddi addımlar atılıb. Bunlardan biri də 2009-cu il iyulun 18-də İlham Əliyev və Serj Sarkisyanın Dmitri Medvedevlə keçirdikləri üçtərəfli görüşdür. Həmin görüşdə tərəflər “Qarabağ probleminin həllinin gələcək yollarını konstruktiv müzakirə etməyə” hazır olduqlarını bəyan ediblər. İndiyə qədər müzakirə olunanları da nəzərə alsaq deyə bilərik ki, sülh müqaviləsi imzalanmağa çox yaxındır:
“Mən hesab etmirəm ki, Azərbaycan və Ermənistan liderləri vasitəçilərə ehtiyac duysunlar. Düşünürəm ki, onlar sülh məsələsi üzrə özləri çox yaxşı işləyirlər. Mənim fikrimcə, COP29-dan əvvəl və ya noyabrda, hər iki tərəf qalan fikir ayrılıqlarını yekunlaşdıra və sülh müqaviləsinin imzalanmasını elan edə bilərlər. Lakin bir neçə yekun məsələ var ki, hələ də müzakirə etməyə ehtiyac duyulur. Və biz bilirik ki, sonuncular hər zaman ən çətin olanlardır”.
Brayza sonda ABŞ-nin sülh məsələsindəki rolundan da söz açıb. Onun sözlərinə görə, bütün bu hadisələr baş verəndən bəri Birləşmiş Ştatların rolu əvvəlki illərə nisbətən xeyli az olub. Onun fikrincə, hər iki tərəfin bir araya gəlməsi üçün daha çox iş görülə bilərdi və görülməli idi.
Töhfə Səməd