Ermənistan Avropaya qaçır : “Kreml xəyanəti tolerantlıqla qarşılamağa məcburdur” – ŞƏRH
Video
13.02.2025 17:11
“Ermənistan Rusiyaya xəyanət və Avropaya qaçış siyasətini davam etdirəcək. Kremlin də buna qıcıqlandığını müşahidə edəcəyik”.
Siyasi şərhçi Elçin Xalidbəyli bunu Ermənistan parlamentinin Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini qəbul etməsi ilə bağlı TodayPress-ə danışarkən deyib. Analitik Kremlin Ermənistana qarşı sərt və radikal addım atmaq ehtimalının o qədər də yüksək olmadığını vurğulayıb:
“Nə qədər qəribə olsa da, Kreml Ermənistanın xəyanəti və Rusiyaya arxa çevirməsinə maksimum şəkildə tolerant yanaşır. Bu tolerantlığın arxasında ortaq maraqlar dayanır. Ermənistan Rusiyanın Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan yayınmasına yardım göstərir. Bundan həm Rusiya, həm də Ermənistan faydalanır. Bu səbəbdən, böyük ehtimalla Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı sənədin qəbul olunması Kreml tərəfindən maksimum səviyyədə tolerantlıqla qarşılanacaq”.
Analitik qeyd edib ki, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxmağa çalışır və böyük ölçüdə buna nail olmağa başlayıb. Artıq Rusiyanın patronajlığı altında fəalliyyət göstərən qurumlarda iştirakını dayandırıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyət göstərmir: üzvlük haqqını ödəmir, toplantılarına qatılmır, hərbi təlimlərində iştirak etmir. Eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) toplantılarında da iştirak etmək həvəsində olmadığını büruzə verir:
“Ermənistan yalnız Avrasiya İqtisadi İttifaqından (Aİİ) faydalanmağa çalışır. Onun iqtisadi və ticari güzəştlərindən öz mənfəətləri çərçivəsində istifadə edir. Bunlar göstərir ki, rəsmi İrəvanın Rusiya ilə münasibətləri bundan sonra da indiki istiqamətlə inkişaf edəcək. Ermənistan məcburiyyət qarşısında qalmayacağı təqdirdə əvvəlki münasibətləri bərpa etməyə maraq göstərməyəcək. Kreml də zəifləyərək elə vəziyyətə düşüb ki, həm Ermənistana təzyiq göstərməkdə maraqlı deyil, həm də təzyiq mexanizmləri getdikcə azalır. Kremlin başı Ukraynaya qarışıb. İndiki situasiya dəyişməzsə, Rusiya sülh sazişini itkilər vəd edən şərtlər daxilində imzalamalı olacaq”.
E.Xalidbəylinin sözlərinə görə, bunlar Rusiya üçün Cənubi Qafqaz, o cümlədən Ermənistanın itirilmək üzrə olduğunu göstərir. Kremlin bunu geri qaytarmaq üçün resursları o qədər də geniş deyil:
“Ermənistan ABŞ və Qərbin himayəsi altına sığınmağa çalışır və buna nail olduqca Rusiyaya daha çox arxa çevirir”. Qeyd edək ki, fevralın 2-də Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Şərh,Rusiya,Ermənistan ,Avropa İttifaqı,Todaypress.az