Ər-Riyad görüşləri: “Rusiyanın qalibiyyəti rəsmiləşərsə, bundan istifadə edib…” - TƏHLİL
Video
27.03.2025 16:02
“Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşü gözlənildiyi kimi heç bir nəticə vermədi. İki ölkə arasında ciddi fikir ayrılıqları hələ də davam edir”.
Bunu TodayPress-ə açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
O, diqqətə çatdırıb ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflər arasında hər hansı bir müqavilənin imzalanmayacağını deyib:
“Tərəflər ümumilikdə dialoqu davam etdirmək niyyətində olsalar da, ciddi fikir ayrılıqları qalır. ABŞ Rusiyadan müəyyən güzəştlər tələb edir, lakin Moskva buna hazır deyil. Rusiya Krımla yanaşı, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin də hüquqi olaraq Ukrayna və Qərb tərəfindən öz ərazisi kimi tanınmasını istəyir. Bundan əlavə, Moskva ABŞ-nin Ukraynadan tələb etdiyi mineral ehtiyatlardan özünə də pay istəyir. Təbii ki, bu şərtlər ABŞ, Ukrayna və digər Qərb dövlətləri üçün qəbuledilməzdir”.
Ekspert əlavə edib ki, ABŞ-nin hazırda əsas məqsədi Rusiyanı atəşkəsə razı salmaq və münaqişəni dondurmaqdır:
“Vaşinqton Ukraynanın müharibədə tam məğlubiyyətini qəbul edə bilməz. Əgər Rusiyanın qalibiyyəti rəsmiləşərsə, Moskva bundan istifadə edib Avropa ölkələrinə təzyiqini artıracaq. Digər tərəfdən, ABŞ və Qərb dövlətləri Ukrayna müharibəsinə xeyli vəsait xərcləyiblər. Belə olan halda ABŞ prezidenti Donald Tramp Rusiya üçün yeni ərazi güzəştlərini Amerika ictimaiyyətinə izah edə bilməz. Buna görə də Tramp administrasiyasının hazırda əsas məqsədi ən azından münaqişənin dondurulmasına nail olmaqdır. Bu, həm Ukraynanın infrastrukturunun yenidən qurulması, həm də Ukrayna ordusunun modernləşdirilməsi üçün Qərbə vaxt qazandıra bilər”.
Z. Əmrəliyev Donald Trampın seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən sonra müharibəni dərhal dayandıracağı ilə bağlı fikirlər səsləndirməsini də xatırladıb:
“Gördüyümüz kimi onun prezidentliyinin artıq iki ayı tamamlanıb və vəziyyətdə ciddi dəyişiklik yoxdur. Buna görə ABŞ hazırda ən azı atəşkəsə nail olmaq üçün səylərini artırıb”.
Qeyd edək ki, martın 23-ü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında 12 saatlıq görüş keçirilib. Görüş bağlı qapılar arxasında baş tutub.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Rusiya,Ukrayna,Todaypress.az