ƏL YANDIRAN QİYMƏTLƏR: Çoxları qurban kəsə bilməyəcək – Ekspert səbəbini açıqladı
Video
15.06.2024 16:37
“Keçən il qurban ətinin kiloqramı 17 manat civarında idisə, bu il kiloqramı 20 manatdan yuxarıdır”.
Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmli bu barədə TodayPess-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda ətin bahalaşmasının əsas səbəbi ölkədə xırdabuynuzlu heyvanların sayının azalmasıdır:
“Qlobal iqtisadiyyatda baş verən son hadisələr Azərbaycana da təsirsiz ötüşməyib. Yerli istehsalda səmərəlilik aşağı düşüb. Ona görə də deyə bilərik ki, heyvanların sayı kəskin şəkildə azalıb. Ümumiyyətlə, son 4 ilin statistikasına nəzər saldıqda qoyun sürülərinin sayının 1 milyon 180 min baş azaldığını görürük. Bu, təxminən 17 faiz azalma deməkdir. Təbii ki, bu çox ciddi göstəricidir”.
Azərbaycanda orta aylıq gəlirin qonşu ölkələrlə müqayisədə aşağı olduğunu deyən ekspert, bu il çoxlarının qurban kəsə bilməyəcəyini vurğulayıb:
“Ölkə əhalisinin sayı artsa da, alıcılıq qabiliyyəti hələ də aşağıdır. Alıcılıq qabiliyyətini artırmaq üçün bir sıra mühüm işlər görülməlidir. Məsələn, işçilərin maaşlarını artırmaq kimi. Təəssüf ki, bizdə orta əmək haqqı qonşu ölkələrlə müqayisədə aşağıdır. Bu o deməkdir ki, ətin baha olduğu bir mühitdə insanların heyvan alıb, qurban kəsməsi inandırıcı deyil".
Günəş Mərd
tag: Qurbanlıq, Qiymətlər, Vahid Məhərrəmli, Ekspert, Rəy, todaypress.az