Əl-Şaraa tələb etdi: Rusiya Bəşər Əsədi təhvil verəcək? Politoloq rəyi

Video

28.03.2025 12:12

"Suriyada yeni hakimiyyətin əsas məqsədi keçmiş prezident Bəşər Əsədin maliyyə resurslarına nəzarəti ələ almaq və rejim tərəfdarlarının fəaliyyətini tamamilə dayandırmaqdır". 

Politoloq Zeynal Əmrəliyev bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraanın Rusiya prezidenti Vladimir Putindən Bəşər Əsədi mühakimə olunmaq üçün təhvil verməsi tələbi ilə bağlı TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Suriya rəhbərliyi Əsədin təhvil verilməsi ilə həm iqtisadi, həm də siyasi mövqeyini gücləndirmək istəyir. 

"Yeni hökumət demək olar ki, dağılmış vəziyyətdədir. Vətəndaş müharibəsinin davam etdiyi bir vaxtda ciddi maliyyə dəstəyinə ehtiyacı var. Buna görə də bu kimi mənbələrdən həmin maliyyə ehtiyacını təmin etmək istəyir". 

Analitik iddia edir ki, hələ də Əsəd rejiminə aid gizli məkanlar Suriyada qalmaqdadır. Bir müddət əvvəl Latakiya bölgəsində baş qaldıran üsyan zamanı da şahid olduq ki, hazırda keçmiş prezidentin tərəfdarları ölkə ərazisində yaşamaqdadırlar. Əl-Şaraa hakimiyyəti isə öz gücünü region səviyyəsində Bəşər Əsəd və onun tərəfdarları mühakimə olunaraq cəza aldıqları təqdirdə göstərə bilər.   

Politoloq bildirib ki, Moskvanın bu məsələyə razı olub-olmayacağı sual altındadır. Çünki Rusiya bu günə qədər müttəfiqlərini asanlıqla tərk etməyib.   

"Məsələn, Qırğızıstanın iki keçmiş prezidenti Əsgər Akayev və Kurmanbek Bakiyev, həmçinin Ukraynanın sabiq lideri Viktor Yanukoviç kimi şəxslər hazırda Rusiyadadır. Kreml Əsədin maliyyə resurslarının alınmasına razı ola bilər, lakin onun təhlükəsizliyinin təmin edilməsini, ən yaxşı halda həbsxana şəraitində saxlanılmasını şərt kimi irəli sürə bilər. Lakin bu yeni hökumət üçün risklidir. Çünki Əsəd qaçırılıb, yenidən öz tərəfdarlarının əlinə keçərsə, onlar hakimiyyətə revanş götürə bilərlər".   

Qeyd edək ki, Bəşər Əsədin hakimiyyəti 2024-cü il dekabrın 8-də Suriya müxalifət qüvvələrinin koalisiyası tərəfindən devrilib. O, sığınmaq üçün Rusiyaya qaçıb. Hazırda Suriya prezidenti Əhməd əl-Şaraa Putindən devrilmiş prezident Bəşər Əsədi mühakimə olunmaq üçün rəsmən təhvil verməsini istəyir. 

Türkan İsgəndərli

tag: Bəşər Əsəd,Rusiya,Suriya,Zeynal Əmrəliyev,todaypress.az