Ekoloqlar həyacan təbili çaldı: “Bu fəlakətdir” - Antarktidada nə baş verir?
Video
14.09.2024 14:46
Qütb buzlaqları dünyanın soyuducuları hesab olunur və iqlim sisteminin tənzimlənməsində mühüm rol oynayır. Ərimə-buzlaşma prosesi isə sistemli formada həyata keçirilir. Şimal Buzlu Okeanındakı buzların bir hissəsi hər yay əriyib suya qarışır, qışda isə yenidən əmələ gəlir. Lakin son 2 ildir ki, ətrafdakı örtük qatlar sürətlə əriməyə və qışdakı səviyyəsindən xeyli aşağı düşməyə başlayıb.
Mövzu ilə bağlı ekoloq alim, professor Telman Zeynalov TodayPress-ə bildirib ki, Yer kürəsində mövcud olan buzlaqların hamısı ərisə, suyun səviyyəsi 150 metr qalxacaq. Bunun nəticəsində də planetin əksər əraziləri su altında qalacaq, qitələr balacalaşacaq, əhalinin sayı isə azalacaq:
“Bu fəlakətdir. Lakin hazırda buzlaqların tamamilə əriməsi qeyri-mümkündür. Çünki Yer kürəsi min illiklər ərzində 5 dəfə buzlaşmaya, 4 dəfə isə istiləşməyə məruz qalıb. Lakin hər birinini qarşısı müvəffəqiyyətlə alınıb. Ona görə də hazırki prosesdən qorxmaq lazım deyil”.
Ekoloqun sözlərinə görə, atmosferin çirklənməsinin, buzlaqların əriməsinin başlıca səbəbi insan fəaliyyətidir. Tullantıları idarə etmək isə mümkündür. Telman Zeynalov bununla bağlı təklif də irəli sürüb:
“Əvvəllər bir sıra zavodlar var idi. Hansı ki, insanlar oraya tullantıları, küçələrdən topladıqları dəmir və ya şüşələri aparıb qarşılığında cüzi də olsa, pul alırdılar. Eyni sistem yenə olsa, ətraf mühit təmiz olar”.
Professor bildirib ki, noyabrda keçiriləcək COP29 tədbirində də nəzərə alınıb ki, tullantıların idarə olunmasına dair ciddi işlər görülsün.
Qeyd edək ki, Antarktidada dəniz buzları ardıcıl ikinci ildir ki, sürətlə əriyir. Qitənin ətrafındakı örtük qışda uzunmüddətli orta göstərici ilə müqayisədə 1,6 milyon kvadratmetr aşağı olub.
Töhfə Səməd
tag: Antarktida, COP 29, Yer Kürəsi, Buzlaqlar ,Su ,todaypress.az