Dünya siyasətinin iki güclü aktoru: “Azərbaycan hər iki ölkə üçün vazkeçilməzdir” – ŞƏRH

Video

12.04.2025 12:49

“Dünya siyasətinin iki güclü aktoru – Türkiyə və İsrailin Azərbaycan kimiortaq nöqtəsinin mövcudluğu danılmaz faktdır. Azərbaycan hər iki ölkə üçün vazkeçilməz olmaqla yanaşı, dostluğundan imtina edilməyəcək bir amildir”. 

Bu fikirləri politoloq Azər Qasımov TodayPress-ə açıqlamasında bildirib. 

Ekspert vurğulayıb ki, hazırda Türkiyə ilə İsrail arasında müşahidə olunan gərginlik onların strateji maraqlarının toqquşmasından qaynaqlanır: 

“Qardaşlıq və strateji dostluq əlaqələri Azərbaycan üçün müqəddəs olan bu iki ölkənin öz aralarında yaşadığı gərginlik onların strateji planları ilə bağlıdır. Türkiyə və İsrailin Yaxın Şərqdə həyati maraqlara sahib olması danılmazdır. Bu səbəbdən də dövlət maraqları onları zaman-zaman qarşı-qarşıya qoyur. Amma hər iki ölkə anlayır ki, bu qarşıdurmadan yalnız üçüncü qüvvələr qazana bilər. Məhz buna görə sərt bəyanatlarla yanaşı, dialoqa çağırışlar da səslənir”. 

Analitik qeyd edib ki, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşmasında həmişə təşəbbüskar olub: 

“Azərbaycan hər iki qardaş və dost ölkənin münasibətlərini əvvəlki vəziyyətə qaytarmasını hər zaman arzulayıb. Azərbaycanın bu istəyi səmimidir və burada hər hansı şəxsi maraq güdülmür”. 

Ekspert Azərbaycanın bu mövqeyinin iqtisadi və siyasi baxımdan da əsaslı olduğunu qeyd edib: 

“Azərbaycanla bu ölkələr arasında əlaqələrin səviyyəsi o qədər stratejidir ki, bunu ayrıca izah etməyə belə ehtiyac yoxdur. Həm Türkiyə, həm də İsrail Azərbaycanın inkişafında maraqlıdır. Azərbaycan da bu münasibətdən istifadə edib, hazırda yaşanan gərginliyin aradan qaldırılması üçün əlindən gələni edəcək. Çünki hər iki ölkənin güclənməsi Azərbaycan üçün də faydalıdır və arzuolunandır”. 

Azər Qasımov hesab edir ki, Azərbaycan bu dəfə də öz balanslı diplomatiyasından istifadə edərək tərəfləri dialoq masasına əyləşdirə biləcək. 

Qeyd edək ki, aprelin 9-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib.   

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Azərbaycan,TÜrkiyə,İsrail,Şərh,Todaypress.az