Dünya rekordçusu, ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva uğurun sirrini açıqladı
Video
21.09.2024 09:06
“10 yaşında artıq fərqinə vardım ki, gözüm zəifləyir, görməmdə problem yaranır. Təəssüf ki, hələ də zəifləmə prosesi davam edir”.
Bunu TodayPress-ə açıqlamasında "Şöhrət" ordeni ilə təltif olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı Lamiyə Vəliyeva deyib.
İdmana uşaqlıqdan marağı olan paraatletimiz, həmişə həyətdə oğlanlarla futbol oynadığını xatırladı. Onun istedadının fərqinə isə ilk dəfə babası varıb. Beləliklə o, 12 yaşında voleybol üzrə məşqlərə getməyə başlasa da, gözündəki zəiflik və fərdi yarışmaq sevdası onu yüngül atletikaya yönəldib:
“Çox xoşbəxtəm ki, bu idman növünü seçmişəm. Çünki yüngül atletikasız həyatımı təsəvvür edə bilmirəm. Mən həm də sağlamlarla birgə yarışıram. Yaxşı ki, mənə belə bir şərait yaradıblar. Ümumiyyətlə məqsədim, böyük nəaliyyətlər əldə etməkdir”.
Lamiyə Vəliyeva öz idman uğurlarını yalnız fiziki hazırlığı ilə deyil, həm də güclü psixoloji dözümlülüyü ilə əldə edib. Görmə məhdudiyyətinə baxmayaraq, o, öz hədəflərinə çatmaq üçün heç bir maneəni qəbul etməyib:
“Təəssüf ki, bunun müalicəsi yoxdur. İnsanlar hər dəfə soruşur ki, niyə əməliyyat etdirmirsən? Lakin bu, mənə olmaz. Çünki mənim xəstəliyim göz dibində olduğuna görə, həyatımı riskə atmış olaram”.
İdmançımız məhdudiyyətinin ona ən çox xətləri görməkdə mane yaratdığını dedi. Lakin məşqlərdə kordinasiya üzərində çox çalışdığı üçün yarışlarda öz zolağından keçməməyi bacarıb. O, öz hekayəsi ilə nümayiş etdirdi ki, insanın uğur qazanmasına fiziki məhdudiyyətlər mane ola bilməz, əsas olan qətiyyət və zəhmətdir:
“Bu idman növündə sözsüz ki, genetik faktorlarla yanaşı, istedad da böyük rol oynayır. Lakin təkcə istedada arxalanmaq olmaz, hər zaman öz üzərində çalışmalısan. Mən tövsiyə edərdim ki, hər zaman öz üzərlərində çalışsınlar. Çünki istedadları olmasa belə, bu çoxlu məşq sayəsində yarana bilər”.
Məqsədinin daha yüksək nəticələr göstərməklə zirvələri fəth etmək olduğunu bildirən paraatletimiz, onu nəyin motivasiya etməsindən də söz açıb:
“Mənim bu işdə ən böyük motivasiyam Azərbaycan xalqını layiqincə təmsil etməkdir. Məşqlərdə isə musiqidir. Mən mahnıya qulaq asmağı çox sevirəm. O məni ruhlandırır. Ümumilikdə isə mən həmişə bilirəm ki, Azərbaycan xalqı məni izləyir, diqqət göstərir. Mən də ona görə çalışıram ki, həmişə onları sevindirim”.
Lamiyə Vəliyeva, Azərbaycan idmanı və Paralimpiya hərəkatı üçün əsl qəhrəmandır. Çətinliklərə qarşı mübarizəsi, əzmi və istedadı onu dünya səviyyəsində tanınan bir idmançıya çevirib. Paris-2024 Yay Paralimpiya Oyunlarında yeni dünya rekordunu müyyənləşdirən Lamiyə Vəliyeva, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən və gənc nəsillərə nümunə olan bir idmançıdır.
Töhfə Səməd
tag: Lamiyə Vəliyeva,Azərbaycan, Şöhrət Ordeni ,Paris 2024, İdmançı, todaypress.az