Dördlüyün xəstə təxəyyülü: Qərb Rusiya-Ukrayna münaqişəsində sülhün əleyhinədir

Video

08.12.2024 13:35

“NATO Rusiya-Ukrayna münaqişəsində ilk gündən öz niyyətini bəlli edirdi. Bildirirdilər ki, gərək Alyans Kiyevə lazım olan vasitələri versin ki, təmaslar yüksək səviyyədə aparılsın. Lakin bu planın arxasında böyük siyasi hesablama durur”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında sülhün əldə olunması məsələsində az da olsa ehtimal yaranan kimi NATO-nun nümayəndələri və Qərbin "quzğun"ları fəaliyyətə başlayırlar:   “İndi də NATO-nun yeni baş katibi Mark Ruttenin ifasında bu köhnə mahnıların təqdimatının şahidi oluruq. Məsələ ondan ibarətdir ki, Qərb həqiqətən də maraqlıdır ki, müharibənin vaxtı maksimal dərəcədə uzansın. Çünki belə olduğu halda Rusiya zəifləyir, imkanları tükənir, siyasi nüfuzu parçalanır. Bununla da Qərbin anti-Rusiya meyilli nümayəndələri öz dividentlərini qazana bilirlər. Ümumiyyətlə NATO, Fransa, ABŞ və İngiltərə vaxtaşırı Ukrayna məsələsi ilə bağlı manevrlər edirlər. Lakin bəlli məsələdir ki, həmin manevrlərdən heç də yaxşı qoxu gəlmir. Əksinə xəstə təxəyyülün, fantaziyanın məhsulunu təqdim edirlər. Burada humanistlik və ya sağlam təxəyyülün nəticələri özünü əks etdirmir”. 

Analitik qeyd edir ki, hər zaman münaqişə edən tərəflərə kənardan baxanlar ilk növbədə öz fikirlərini, bildiklərini diktə edirlər. Onlar məqamdan istifadə edib buradan öz qazanclarını götürmək niyyətindədirlər. Bu həmin təşkilat və dövlətlərin əsas fəlsəfəsidir.   Politoloqun qənaətincə, Ukraynanın bu müharibədə geriləməsi daha faciəvi hal alacaq. 

“Onsuz da bu xalq indi ən keşməkeşli dövrünü yaşayır. Hətta onlara "can-can" deyənlər sadəcə öz maraqları naminə bunu edir. Bu məsələdə isə ən böyük günahkar Ukrayna hakimiyyətidir. Volodimir Zelenski demək olar ki, öz səlahiyyətlərini itirib, gücdən düşüb. Yeni seçkinin isə nə vaxt keçiriləcəyi bəlli deyil. Bu isə öz növbəsində ciddi problemlər yaradır və faciənin çərçivəsini genişləndirir”.   

Tofiq Abbasov bütün bunlara səbəb kimi, Zelenskinin peşəkar hərbçi olmamasını göstərib. Buna görə də istənilən tərəf onun etimadından sui-istifadə edir. Nəticə etibarilə bu işdə ən çox qazanan məhz qərblilərdir.

“Bu "2+2=4" faktı kimidir” deyə o nitqini sonlandırıb.

tag: NATO,Ukrayna ,Rusiya,Alyans,Todaypress.az