Dörd illiyin əsas yarışı: XXI əsrin 7-ci multi-idman oyunları

Video

10.07.2024 12:11

Paris-2024 Yay Olimpiya Oyunlarının startına artıq sayılı günlər qalıb. Tezliklə planetin diqqəti dördilliyin əsas yarışının keçiriləcəyi Fransa paytaxtına yönələcək. 

TodayPress xəbər verir ki, hazırda Parisdə Azərbaycanın idman şərəfini qoruyacaq olimpiyaçılarımızın sayı 48-dir. Milli üzvləri Olimpiadada 17 idman növündə yarışacaq. 

İdmanın güləş növündə 12, cüdoda 9, gimnastikada 7, boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə 2, atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatmada isə 1  təmsilçimiz yarışa qatılacaq.

Olimpiadanın proqramına 19 gün ərzində 32 idman növü üzrə yarışlar daxildir. Fransa paytaxtı iyulun 24-dən avqustun 11-dək Oyunlara ev sahibliyi edəcək. 

33-cü Yay Olimpiya Oyunları ölkəmiz üçün bir ilklə əlamətdar olacaq. Multi-idman tədbiri komandamız üçün bir gün tez başlayacaq. Kamandan oxatmada qadınların sıralama turunda Yaylagül Ramazanova iyul ayının 25-də Olimpiadanın mükafatları uğrunda mübarizəyə başlayacaq. Bu, Azərbaycan idmançısının açılış mərasimindən bir gün əvvəl Olimpiadaya başladığı ilk yarış olacaq. İndiyədək heç bir idmançımız Oyunlardan bir və ya iki gün əvvəl bu həyəcanı yaşamayıb. 

Daha bir maraqlı məqam triatlon üzrə milli komandamızın lideri Rostislav Pevtsovun Paris Olimpiadasında 1 nömrəli forma ilə çıxış etməsidir. Yarışın püşkatmasından sonra təmsilçimizin bəxtinə bu rəqəm düşüb. Triatlonun yarış növü olan üzgüçülükdən sonra onun velosipedi tranzit zonasının 1 nömrəli məntəqəsində olacaq.

Millimiz üçün medal gözlənilən idman növlərindən danışsaq, o zaman Olimpiadanın başlanğıcında azarkeşlərimizin diqqəti cüdoya yönələcək. Tatamidə ilk medallar iyulun 27-də veriləcək. Bu mərasim avqustun 3-dək davam edəcək.

Azərbaycanın Parisdəki qızıl ümidlərinə gəlincə, bu dəfə də medal ehtiyatını döyüş növlərinin dolduracağı şübhə doğurmur. İndiyədək qazanılan 49 olimpiya medalının 44-ü idmanın güləş, boks, cüdo, taekvondo və karate növlərinin payına düşür. Elə Paris Olimpiadasında da medalları əsasən idmanın güləş, cüdo və boks növlərində gözləyəcəyik. Təbii ki, digər növlərdən də xoş sürpriz və gözlənilməz nailiyyətə ümid edirik.

Namiq HUN

tag: Azərbaycan, Paris, Olimpiada, Medallar, Baketbol, Boks, todaypress.az