DİQQƏT: Xəbəriniz olmadan adınıza kredit götürülə bilər - Dələduzluğun yeni növü

Video

27.12.2024 18:23

Son dövrlər ən çox müzakirə olunan mövzulardan biri də başqasının adına kreditin götürülməsidir. Bu məsələ Azərbaycanda çox aktual olmasa da, müəyyən boşluqlar mövcuddur. Xüsusilə də rayon yerlərində ahıl şəxslərin şəxsiyyət vəsiqələrini istifadə edərək onların adına kredit götürür, daha sonra isə yoxa çıxırlar. Çox vaxt isə vətəndaşın bundan xəbəri olmur və pul onun pensiyasından çıxır. Yalnız bu zaman ortaya çıxır ki, sən demə banka 10 min borcu var imiş. 

Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov TodayPress-ə bildirib ki, şəxsin adına kredit götürmək o deməkdir ki, imzasını saxtalaşdırıblar. Çünki rəsmi formada kredit götürən zaman müqavilə imzalandığına görə, bunu başqa cür etmək mümkün deyil. 

O, belə olan halda vətəndaşların nə etməli olduğunu açıqlayıb: 

“Vətəndaş ilk növbədə məhkəməyə müraciət etməlidir. Həmin kredit müqaviləsinin etibarsız olması məsələsini ortaya qoymalı və imzanın ona aid olmamasını əsas götürməlidir. Daha sonra məhkəmədən xahiş etməlidir ki, nəyinki müqaviləni etibarsız elan etsin, həm də xüsusi qərarlar çıxarıb Baş prokurorluğa göndərsin ki, burada cinayət işi var”. 

Hüquqşünas bu məsələdə bank əməkdaşlarının da günahı olduğunu dilə gətirib. Çünki bank işçiləri dəfələrlə məlumatları yoxlamalı, şəxsiyyət vəsiqəsi ilə şəxsin kimliyini dəqiqləşdirməlidirlər. Ekspert dəyən maddi-mənəvi ziyanın hansı yollarla qaytarılması məsələsindən də söz açıb:

“Vətəndaş məhkəmədən xahiş etməlidir ki, bank ona dəyən zərərin əvəzini ödəsin. İlk növbədə maddi dəyən ziyan faizi ilə qaytarılmalı, daha sonra vurduğu mənəvi ziyana görə də təzminat ödəməlidir. İkincini vətəndaş özü müəyyənləşdirir. Çünki stress və əsəblə yanaşı, vəkilin tutulması və məhkəməyə müraciət üçün dövlət rüsumunun ödənilməsi kimi faktlar var ki, bunlar vətəndaş tərəfindən qarşılanır. Ona görə də müəyyən bir məbləğ təyin edib, onu bankdan tələb edə bilər. Lakin bütün bunlara ən sonda məhkəmə baxır və qiymətləndirir”. 

Qeyd edək ki, ən son belə bir hal İmişli rayonu Xoşçobanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb. O, bildirib ki, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib. O, iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır. O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar.

Töhfə Səməd

tag: Bank, Kredit ,Əkrəm Həsənov, Dələduzluq,todaypress.az