Dini məkanda “şeytanın pulu” tapıldı
Video
10.02.2025 13:05
Niderlandın Hesingen kəndində qızıl və gümüş sikkələrdən ibarət xəzinə tapılıb. TodayPress xarici mediaya istinadən xəbər verir ki, diobolgeldae və ya "şeytanın pulu" kimi tanınan bu pul vahidləri qədim dini məkanda aşkar edilib.
Təxminən beş il əvvəl mövcudluğu müəyyən edilən dini obyektdən qızıl sikkələrlə yanaşı, 20-yə yaxın qızıl boyunbağı, bilərzik və gümüş sırğa da tapılıb.
Arxeoloqlar VI əsrə aid olan tikilidə taxta dirəklərlə əhatə olunmuş 17 otaqda məhsul yığımı ilə bağlı ritualların keçirildiyi fikrini irəli sürüblər. 100 il ərzində müntəzəm olaraq istifadə edildiyi güman edilən məkanda tanrılara zinət əşyaları və pullar təqdim edildiyi təxmin edilir.
Həmin dövrdə yerli əhalinin hansı tanrılara sitayiş etdiyini müəyyən etmək mümkün olmayıb.
Bildirilib ki, tanrılara təklif və qurbanların verilməsi eramızdan əvvəl 700-cü ilə qədər davam edib və xristianlığın bölgədə qəbul edilməsindən 50 il əvvəl dayandırılıb. Yerli zadəganların xristianlığı qəbul etməsi məkanın fəaliyyətini dondurub.
Qeyd edək ki, daha əvvəl Niderlandda oxşar obyektlərə rast gəlinməyib.
Belə tapıntılar tədqiqatçılara ərazidəki xristianlıqdan əvvəlki icmaların dini ayinlərini daha yaxşı öyrənməyə imkan yaradır.
Nicat Osman
tag: Niderland,Arxeoloq, Hesingen,Qızıl,Obyekt,Todaypress.az