Deputatlar qanunu dəyişdirdilər - Torpaqlar sakinlərə hansı şərtlərlə veriləcəcək?
Video
02.11.2024 08:51
“İşğaldan azad olunmuş ərazilərdə torpaqlar minalardan təmizlənir. Artıq 100 min hektardan çox sahə əkin dövriyəsinə daxil edilib və orada kənd təsərrüfatı məhsulları yetişdirilir”.
Milli Məclisin sabiq deputatı Tahir Rzayev bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, qanuna edilməsi təklif olunan dəyişikliklər bilavasitə kənd təsərrüfatı məhsularının artırılmasını, həmin ərazilərə investisiya qoyuluşunu və işsizliyin aradan qaldırılmasını nəzərdə tutur:
“Torpaqlar müəyyən şəxslər tərəfindən icarəyə götürülür. Onlar bəzilərinin hətta pay torpaqları olur. Ancaq bu torpaqlar bir çox illərdə istifadəsiz qalır. Çünki bəziləri imkanı olmadığından, bəziləri isə digər səbəblərdən bu torpaqları əkib-becərmək istəmirlər. Ona görə də götürülən torpaqlara mütləq investisiya qoyulmalıdır.
İndi “Torpaq icarəsi haqqında” qanuna dəyişikliklər öz təsdiqini tapsa, həmin torpaqlar müvafiq icra orqanlarının müəyyən etdiyi qurum və orqan tərəfindən bəzi qaydalar əsasında, investisiya müsabiqələri ilə həmin ərazilərdə məskunlaşan sakinlərə güzəştli şərtlərlə veriləcək. Bu çox düzgün və yeni yanaşmadır. Vəsaiti olan şəxs öz biznes planını tərtib edib, həmin ərazilərdə icarəyə torpaq götürə biləcək. Beləcə, torpaq da heyif olmayacaq”.
T.Rzayev onu da qeyd edib ki, hazırda işğaldan azad edilmiş bütün torpaqlarda təhlükəsizlik tam təmin olunmadığına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhaliyə tez bir zamanda torpaq verilməsi mümkün deyil:
“Bildiyimiz kimi ermənilər orada olduqları müddətdə bütün əraziləri minalayıblar. Həmin ərazilərdə təhlükəsizlik təmin olunduqdan və sakinlər həmin ərazilərə qaytarıldıqdan sonra bu proses başlanılacaq. “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişikliklər daha çox gələcək üçün hesablanıb”.
Qeyd edək ki, “Torpaq icarəsi haqqında” qanuna əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.
Günəş Mərd