COP29 və Azərbaycanın qazandığı uğurlar: Dünya qüdrətimizin şahidi oldu

Video

05.01.2025 14:45

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti uğur oldu. Bu, Prezident İlham Əliyevin apardığı mütərəqqi və uğurlu diplomatik siyasət nəticəsində baş verdi”.   

Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Pərvanə Vəliyeva deyib.   

Onun sözlərinə görə, ölkə başçısı kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir:   

“Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. O, COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu”. 

Parlamentari diqqətə çatdırıb ki, COP29 Azərbaycanın qlobal səhnədə iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Bakı bu möhtəşəm tədbirə ev sahibliyi etməklə yalnız iqlim siyasətində liderlik göstərmədi, həm də qlobal ekoloji strategiyaların inkişafına mühüm töhfələr verdi: 

“COP29 çərçivəsində qəbul edilən Bakı Maliyyə Hədəfi, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizədə dəstək göstərmək üçün qlobal maliyyə öhdəliklərini yenidən təyin etdi.

Bu hədəf 2035-ci ilədək illik 300 milyard dollardan başlayaraq, 1.3 trilyon dollara qədər vəsaitin təmin olunmasını nəzərdə tutur. Bu, qlobal iqlim böhranının həllində transformativ bir addım olaraq qiymətləndirilir və Azərbaycan bu hədəfin qəbulunda mühüm rol oynadı”. 

Siyasətçi xatırladıb ki, COP29 zamanı, Paris Sazişi çərçivəsində təsis edilən İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi ilə bağlı strateji qərarlar qəbul edilib. Fonda icraçı direktor seçilib, Filippin fondun ev sahibi ölkə kimi müəyyən edilib və Dünya Bankı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu addımlar, Azərbaycanın prosesin sürətləndirilməsi üçün göstərdiyi səylərin birbaşa nəticəsi idi: 

“COP29 həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə on illik müzakirələrə son qoydu. Yeni mexanizm vasitəsilə karbon maliyyə axınlarının illik 1 trilyon dollara çatması gözlənilir ki, bu da milli iqlim planlarının həyata keçirilməsi üçün əlavə maliyyə mənbələri yaradır. Azərbaycanın COP29 çərçivəsində inkluziv vətəndaş cəmiyyəti üçün yaratdığı şərait xüsusi vurğulanmalıdır.

Həm “mavi”, həm də “yaşıl” zonalarda qeyri-hökumət təşkilatları üçün pavilyonlar ayrıldı və aksiya keçirmək üçün şərait təmin edildi. Bu, Azərbaycanın qlobal tədbirdə inkluzivliyi prioritet etməsinin sübutudur”. 

P.Vəliyeva müsbət hallarla yanaşı, Azərbaycana qarşı yönəlmiş böhtan kampaniyalarına da nəzər salıb. O, qeyd edib ki, anti-Azərbaycan qüvvələri, Qərb ölkələri tərəfindən maliyyələşdirilən qurumlar öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə, öz imicini artırmaq, BMT-in iqlim konfransından fürsət kimi istifadə etməklə COP29 sədrliyini ittiham etdilər: 

“Bununla belə, bu iddialara baxmayaraq, Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq qabiliyyətini hər şəkildə nümayiş etdirib, bunu iqlim konfranslarında və qlobal təşəbbüslərdə fəal liderliyi ilə sübut edir. Bu işdə də peşəkar və təcrübəli diplomatlarımız böyük əmək sərf etdilər, iqlim danışıqlarında tarixi nailiyyətlər əldə edilərək iqlim diplomatiyasına və planetin gələcəyinə qlobal mənada böyük töhfə verildi”. 

Beləliklə, COP29 Azərbaycanın 80-100 min qonağı olacaq tədbiri yüksək səviyyədə həyata keçirə biləcək potensialının olduğunu göstərdi. Bununla da, Azərbaycan ekoloji və iqlim siyasətində lider, eləcə də qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib. 

Bu, həm də Azərbaycanın qətiyyətini dünyaya nümayiş etdirdi. Cənab Prezidentin dediyi kimi, “bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik”.

tag: Azərbaycan,COP29,Prezident,Rusiya,Todaypress.az