COP29-da Azərbaycan və Ermənistan arasında sülh imzalanacaq? - AÇIQLAMA

Video

13.11.2024 09:24

"Ermənistanın COP29-da iştirak etməməsi ilə bağlı heç bir əsası olmamalıdır". 

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ermənistan Azərbaycan tərəfindən rəsmi şəkildə COP29-a dəvət olunub:

"Rəsmi Bakı hər zaman sülhün tərəfdarı olub. Ermənistan bu tədbirdə iştirak etmirsə bu onun növbəti məkrli niyyətindən xəbər verir. Bildiyiniz kimi Ermənistanın böyük qardaşı Fransa da COP29-a qatılmayıb. Dünyanın müxtəlif qitə və materiklərindən olan ölkələr isə burada iqlim dəyişikliyi ilə bağlı yaranan təhlükələri müzakirə edir, onların qarşısının alınmasına səy göstərirlər".

Millət vəkili qeyd edib ki, bu gün iqlimə ən çox zərər verən ölkələrdən biri də Fransadır. O, ekologiyaya zidd olan proseslər həyata keçirir.  

Parlamentari COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə bağlı suala belə cavab verib: 

"Tərəflər arasındakı məsələlər tam həllini tapmamış sülh imzalana bilməz.  Ermənistan, eləcə də onun havadarları Azərbaycan ərazisində cinayət törətmiş şəxslərin azadlığa buraxılmasını bəhanə gətirərək sülhü əngəlləməyə çalışır. Bu mümkün deyil".

S. Novruzov sonda vurğulayıb ki, heç bir ekoloji tədbirə siyasi don geyindirmək olmaz. COP29 siyasi tədbir deyil. Azərbaycan qısa zaman ərzində belə bir tədbirə mükəmməl şəkildə hazırlaşıb. Hansısa dövlətin burada iştirak etməməsi Azərbaycanın gördüyü işin keyfiyyətinə mənfi təsir göstərə bilməz. 

Günəş Mərd

tag: COP29, Siyavuş Novruzov, Azərbaycan, Ermənistan, todaypress.az