Çin iqtisadi təzyiqi seçdi: “Dünya səviyyəsində iqtisadi bloklaşma gözlənilir” – ŞƏRH
Video
05.04.2025 17:31
“Hazırda ABŞ-nin əsas rəqibi Rusiya yox, Çindir. ABŞ prezidenti Donald Tramp isə Rusiya–Ukrayna müharibəsinin bitməsinə ona görə çalışır ki, Çinlə mübarizədə Rusiyanı özünə müttəfiq edə bilsin”.
Politoloq Vəli Əlibəyov bunu TodayPress-ə açıqlamasında deyib.
O, ABŞ-Çin rəqabətinin qlobal güc balansına təsirinə diqqət çəkib:
“Çinlə ABŞ arasında əsas mübarizə dünya liderliyi uğrunda aparılır. Əgər biz bu vaxta qədər ABŞ-ni dünyada iqtisadi, siyasi, hərbi baxımdan lider hesab edirdiksə, yaxın gələcəkdə birincilik Çinə keçəcək. Ona görə də Donald Trampın həm daxili, həm də xarici siyasətinin əsas damarı Çinlə mübarizəyə hazır olmalı, Çinin inkişafının qarşısını almalıdır. Gömrük rüsumlarının artması da məhz buna xidmət edən siyasətlərdən biridir. Çin də artıq bu məsələyə cavab olaraq 34 faizlik gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Əvvəllər Çin belə məsələləri diplomatik yolla həll etməyə çalışırdı. Ancaq bu gün Çin adekvat iqtisadi cavab verməyə hazırdır və bunu edir. Bu o deməkdir ki, həqiqətən də Çinin inkişaf səviyyəsi artıq tam fərqlidir və o, özünü ABŞ ilə iqtisadi müharibə aparmağa hazır bilir”.
Ekspert bu mübarizənin təkcə iqtisadi sahə ilə məhdudlaşdırılmayacağını qeyd edib:
“Görünən odur ki, bu mübarizə tək iqtisadi sahəyə deyil, digər sahələrə də təsir edir. Hazırda innovasiya və texnologiyaya nəzarət üzərində mübarizə gedir. Misal üçün, ABŞ artıq neçə müddətdir ki, öz ərazisində Çinə məxsus “TikTok” sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq istəyir. Həmçinin Çinə transfer olunan mikroçiplərin qarşısını almaq istəyir. Çünki hərbi texnologiyalar, müdafiə sənayesi, eyni zamanda süni intellekt bu mikroçiplər vasitəsilə yaranır və bunların əksəriyyəti ABŞ-də istehsal olunur. ABŞ Çinin inkişafının qarşısını almaq üçün bunu limitləmək istəyir. Süni intellekt baxımından da hər iki ölkə uğurlar əldə ediblər. Bunlar mübarizənin əsas sahələrindəndir”.
V. Əlibəyov Çin-ABŞ qarşıdurmasının nəticələrinin qlobal sistemə təsirindən danışıb:
“Bu, dünya səviyyəsində iqtisadi bloklaşma ehtimalını artırır. Çin artıq neçə müddətdir öz ətrafına müxtəlif dövlətləri toplamaqla dollar asılılığından qurtarmaq istəyir. Beynəlxalq ticarətdə dollardan yox, yuandan istifadə etmək barədə qərar qəbul ediblər. Bu da dolların sonunu yaxınlaşdırmağa yönələn addım idi. Hazırda ABŞ-nin də siyasəti ona istiqamətlənir ki, o artıq seçim edəcək – kim ABŞ ilə, kim Çinlədir. Beləliklə də müəyyən iqtisadi bloklaşma yaranacaq ki, bizimlə olmayan bizim əleyhimizədir. Onlara qarşı daha yüksək faizlər tətbiq olunacaq”.
Politoloq hesab edir ki, bu qarşıdurma təkcə qlobal iqtisadiyyata deyil, ümumilikdə dünya düzəninə də təsir göstərəcək:
“Ümumiyyətlə, ABŞ–Çin qarşıdurması dünyanın bütün ölkələrinə, əsasən də Avropa ölkələrinə öz mənfi təsirini göstərəcək. Çünki bu qarşıdurma bu vaxta qədər formalaşmış təchizat zəncirlərini pozacaq. Bu, qiymətlərin artımına gətirib çıxaracaq və qeyri-müəyyənliyə səbəb olacaq. Trampın addımları nəticəsində artıq ABŞ-nin özündə belə şirkətlər, insanlar milyardlarla pul itiriblər. Bunlar əslində ABŞ–Çin iqtisadi müharibəsinin yan təsirləridir. Son nəticədə bu tək iqtisadi qarşıdurma deyil, dünyada birinci olmaq üzrə mübarizənin yekun mərhələsidir. ABŞ bu addımıyla Çinin inkişafının, liderliyinin qarşısını almaq istəyir”.
Qeyd edək ki, Çin ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi tarif qərarına cavab olaraq ABŞ mallarına 34 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.
Qərar 10 apreldən qüvvəyə minəcək. Ekspertlər bu addımı ticarət müharibəsinin rəsmi başlanğıcı kimi qiymətləndirir və bildirirlər ki, Çin artıq mübahisələri diplomatik danışıqlarla deyil, iqtisadi təzyiq yolu ilə həll etməyə qərar verib.
Qiymət Mahir